Siyasət

  • 7 251

"Prezident çox haqlı olaraq xəbərdarlıq etdi ki..." - ŞƏRH ÖZƏL

image

"Prezident İlham Əliyev Əmircanda və Sumqayıtda ən yeni sosial obyektlərin açılışında ölkəmizin postpandemiya mərhələsinə keçid ərafəsi üçün bir neçə həlledici vəzifənin xarakteristikasını verdi. Bunlar əsasən daxili iqtisadi-ticarət, qeyri-neft sektoru, duasporumuzun xətti ilə investisiya cəlb edilməsi kimi çox vacib istiqamətləri əhatə edir. Əvvəlcə onu demək vacibdir ki, Prezident Azərbaycanın postpandemiya dövrü üçün strateji hədəfini konkret və qısa olaraq belə müəyyən etdi - Postpandemiya dövrünə dünyanın ən hazırlıqlı ölkələrindən biri olaraq başlamaq. Prezident bununla onu ifadə etdi ki, Azərbaycan pandemiya dövrünü dünyanın ən hazırlıqlı ölkələrindən biri olaraq başladığı kimi, postpandemiya dövrünü də ən hazırlıqlı ölkələrin sırasında başlamalıdır. Olduqca dəqiq və aydın ifadə edilmiş strategiyadır və heç şübhəsiz ki, ölkənin maddi və intellektual resurslarını bu strategiyaya uyğun tam səfərbərliyə almaqda böyük rol oynayacaq. Strategiyanın düzgün müəyyənləşməsi onun uğurlu icrasının tən yarısı sayıla bilər". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Siyasi şərhçi bildirib ki, ölkənin tədiyyə balansının müsbət xarakterini qoruyub saxlamaq ümdə vəzifələrdən biri kimi müəyyən olundu ki, bu da çox əhəmiyyətlidir: "Prezident bir daha xəbərdarlıq etdi ki, xarici ticarət fəaliyyətimizdə müsbət saldo əsasən enerji daşıyıcılarının ixracı ilə bağlıdır ki, on illər boyu buna arxayınlaşıb strategiya qurmaq olmaz. "Neft, qaz tükənə bilər" deyən Prezident çox haqlı olaraq xəbərdarlıq etdi ki, xarici ticarətimizdə müsbət saldonun mənbəyini neft-qaz ixracından qeyri-neft ixracına transfer etmək lazımdır və bu mümkün qədər tez baş verməlidir. Beləliklə, ölkənin iqtisadi blok elitasının qarşısında böyük vəzifə qoyuldu-bir sıra vacib xammalların idxalından asılılığı mümkün qədər azaltmaq və qeyri-neft ixrac potensialını artırmaq. Böyük, çətin, lakin ölkənin taleyinin asılı olduğu strateji xəttdir. Açıq deyək ki, ölkənin yeni iqtisadi blok komandasının işinin səmərəsi də əsasən bununla müəyyənləşəcək. Prezidentin gənc komandadan ən başlıca hesabatı məhz bu sahələrlə bağlı olacaq. Təhlillər göstərir ki, neft və qazımızın nə vaxtsa təbii tükənməsindən başqa onun ixracının məlum geosiyasi mürəkkəbləşmələr üzündən qəfil dayanmaq təhlükəsi də var. Bunu istisna etmək olmaz və bu əlverişsiz anlar real olarsa o zaman Prezidentin indi göstərdiyi modelin icrası Azərbaycan üçün ideal çıxış yolu olacaq. Bu model qeyri-neft ixracını Azərbaycanın üstün gəlir mənbəyinə çevirməkdir".A.Quliyev vurğulayıb ki, Prezidentin bəzi mesajları diasporumuzun imkanlı üzvlərini xüsusilə hərəkətə gətirməlidir: "Bu gün erməni diasporunun Ermənistana investisiya yatıran bir neçə məşhur isminin adını bir nəfəsə çəkmək olar. Təəssüf ki, bizim diasporumuzun da imkanlı şəxsləri olduğu halda, Azərbaycana yatırım etməkdə o qədər fəal deyillər. Ümumiyyətlə, Prezidentin öz çağırışı ilə bu istiqamətdə dərin bir araşdırma üçün tutarlı mövzu verdiyini düşünürəm. Araşdırmaq lazımdır ki, diasporumuz ölkəyə niyə investisiya gətirmir? Doğrudur, Azərbaycan diasporunun imkanlı üzvləri o qədər çox deyil. Ancaq hər halda var. Bəlkə ölkəmizdə buna mane olan məmur problemi var, bəlkə investisiya üçün mövcud şəraitin üstünlüklərini tam qiymətləndirə bilmirlər, bəlkə imkanlı azərbaycanlıların olduqları ölkənin Azərbaycanla münasibətlərində buna mane olan nüanslar var?! Bəlkə imkanlı diaspor fəallarımız Azərbaycan dövlətindən yetərli siyasi dəstək ala bilmirlər?!Başqa problemlər də ola bilər. Xaricdəki imkanlı azərbaycanlıların hər biri ilə məsələ ayrılıqda nəzərdən keçirilməlidir. Prezident bu istiqamətlərdə dərin təhlillər aparmaq üçün yetərli cəbhə açdı. İmkanlı diaspor üzvlərimizin öz kapitalları ilə ölkəyə qayıdışları bir yana qalsın, onların hətta vasitəçilik fəaliyyətlərini də təəssüf ki, görə bilmirik. Prezidentin dedikləri qəti təsdiq edir ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkə kimi başlamaq üçün həqiqətən bir sıra vacib işləri təxirə salmadan görmək lazımdır".

sia,az

Digər xəbərlər