Siyasət

  • 8 213

Sevinc Fətəliyeva: Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq cinayətdir

image

“Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması beynəlxalq cinayətdir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir, eləcə də atılan bütün hüquqazidd addımlar beynəlxalq cinayətdir. Məqsəd isə işğalçılıq siyasətini davam etdirməkdir. Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistanın Dağlıq Qarabağ bölgəsində və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Son vaxtlar Ermənistan rəhbərliyinin və erməni lobbisinin regiondakı vəziyyətdən məqsədyönlü şəkildə istifadə edərək Suriya və Livandan ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın Livanda baş verən hadisələrdən beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olaraq məqsədyönlü şəkildə təcavüzkar planlarını həyata keçirmək üçün istifadə edib qeyri-qanuni məskunlaşdırma siyasəti aparması Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik tərkibi qəsdən dəyişdirmək, eləcə də gələcəkdə həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular kimi istifadə etmək məqsədini güdür.
Artıq 30 ilə yaxındır ki, təcavüzkar Ermənistan Azərbaycan ərazilərində demoqrafik tərkibi məqsədyönlü şəkildə dəyişməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının da kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
“Azərbaycan dövləti və xalqı ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış mövqe gözləyir. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də beynəlxalq birliki ikili standartları kənara qoyub Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməlidir. Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısı alınmalı və təcavüzkar beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir. Əks halda, Ermənistanın təxribatçı əməlləri regionda vəziyyəti hər an gərginləşdirə bilər”-deyə, S.Fətəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər