Məşhur Məmmədov: Azərbaycan bütün türkdilli dövlətlərlə geniş əlaqələrə malikdir

“Azərbaycan bütün türkdilli dövlətlərlə geniş əlaqələrə malikdir. Azərbaycan türkdilli ölkələr arasında münasibətlərin güclənməsində maraqlıdır”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Məşhur Məmmədov bildirib ki, türkdilli xalqları bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir.
Millət vəkilinin sözlərinə görə, vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyir. Bu baxımdan Türkiyə ilə əlaqələrin əhəmiyyətinə toxunan deputat son vaxtlar hər iki tərəfdən dövlət rəsmilərinin qarşılıqlı səfərlərini xatırladıb: “Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq mühüm yer tutur. Hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək Azərbaycanda hər iki ölkənin quru qoşunlarının və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Ümumilikdə, Türkiyə Azərbaycanda hərbi kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirilən fikirlər ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Prezident İlham Əliyev hər iki tərəfə fayda gətirən əlaqələrin bu gün müxtəlif istiqamətləri əhatə etdiyini, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın getdikcə dərinləşdiyini diqqətə çatdırıb”.
M.Məmmədov söyləyib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin həllində birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Digər türkdilli ölkə olan Özbəkistan da bu mövqedədir. Hər iki ölkə işğalçı Ermənistanın işğalçılıq siyasətinə görə onunla diplomatik münasibət qurmayıb: “Yeri gəlmişkən, bu günlərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq onlayn konfrans keçirilib. Konfransda Azərbaycan Milli Məclisinin deputatları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər. mənim də iştirak etdiyim tədbirdə Özbəkistanla Azərbaycan arasında tarixi dostluq əlaqələri, dövlətlərarası yüksək səviyyəli əməkdaşlıq barədə danışılıb, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi bildirib. Qeyd olunub ki, Özbəkistan bu məsələdə hər zaman Azərbaycanın yanındadır. Eyni zamanda, digər türkdilli ölkələr olan Qazaxıstan, Qırğızıstan və Türkmənistanla da Azərbaycanın geniş əlaqələri var. Bu əlaqələr yüksələn xətlə inkişaf edir”.

yap.org.az