“Demokratiya bəzi ölkələr üçün təsir vasitəsi, şantaj mexanizmidir” ÖZƏL-MÜNASİBƏT

“Özünü demokratiyanın beşiyi hesab edən ABŞ-ın və bir çox Avropa ölkələrinin polis orqanlarının əliyalın nümayişçilərə, insanlara qarşı törətdikləri zorakılıq, hətta güllələnmə halları çox ciddi təəssüf doğurur. Atların ayaqları altına salınan, itlərə yedizdirilən, güllə yağışına tutulan, öldürülən, qanına qəltan edilən, qol-qıçı sındırılan insanları görəndə İngiltərənin, Almaniyanın, İspaniyanın, Fransanın, Amerikanın demokratiyasının bir illüziya olduğu qənaətinə gəlirik və həqiqətən varlığına inanmırıq.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədrinin sözlərinə görə, dərk edirik ki, demokratiya bu ölkələr üçün bir təsir vasitəsi, kimisə qaralama, şantaj etmə, gözdən salma mexanizmidir.“Necə olur ki, Azərbaycan polisi pandemiyaya, onu pozanlara qarşı gecə-gündüz mübarizə aparır, insanların sağlamlığı, asayişin keşiyində dayanır, xəstələrə, yolda qalanlara kömək əlini uzadır, kimisə oddan, sudan qorumaq üçün özünü alovların qucağına atıb, canına qıyır, ancaq xarici təşkilatlar bir çox hallarda buna ciddi əhəmiyyət vermirlər. Ancaq adını müxalifətçi qoyan bir dələduzu yaxalayanda, xalqa, vətənə xəyanət edən birini intizama dəvət edəndə bir çox beynəlxalq təşkilatlar aləmə haray-həşir salır, insan hüquqlarının pozulması barədə çoxsaylı bəyanatlar verirlər. Qəribə yanaşmadır. Dinc nümayişçilərə, hüququnun qorunmasını tələb edən insanlara zor işlədən, işgəncə, zülm verən, hətta atəş açan, qəsd edən amerikalı, avropalı polis demokratdır, himanistdir, amma ictimai asayişi qoruyan və cinayətkarlara qarşı tədbir görən Azərbaycan polisi isə aqressivdir, zalımdır. Yaxşı haldır ki, Azərbaycan cəmiyyəti, ağıllı insanlar artıq saxta demokratiya oyununa inanmırlar. Onlar Avropa ölkələrinin, bəzi inkişaf etmiş dövlətlərin bu oyunlarının arxasında nələrin gizləndiyini yaxşı bilirlər və özlərinin həqiqi demokratik prinsplərinə arxalanırlar. Əsl demokratlar elə bizik”, deyə Tahir Rzayev bildirib.

sia.az