Siyasət

  • 8 086

"Haqsız yerə kiminsə həbsi heç kimin marağında ola bilməz" - MÖVQE ÖZƏL

image

"Tofiq Yaqublunun həbsi ətrafında sosial şəbəkələr və internet resurslarında siyasi manipuliyasiyalara cəhd edilməsi nə hüquqi mədəniyyət, nə də siyasi etika baxımından məqbul hesab edilə bilməz. Nəticə etibarilə ortada konkret hüquq pozuntusu hadisəsi var və istənilən hüquqi dövlətdə belə hallarda eyni cəza mexanizmləri tətbiq olunur. Ona görə də, hüququn siyasiləşdirlməsi də doğru deyil. Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının həyatı qiymətlidir, əsla kiminsə haqsız olaraq həbs edilməsi heç bir halda, heç kimin marağında ola bilməz". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, hazırda Tofiq Yaqublunun səhhəti və bundan sonrakı məhkəmə proseduru ilə bağlı məsələlər ən çox iqtidar mənsublarının diqqət mərkəzindədir və cəzanın yüngülləşdirilməsi, yaxud hüququn daha humanist qaydada tətbiqi yolları axtarılmaqdadır: "Nəticəni isə şübhəsiz yenə hüquq özü müəyyən edəcək. Ölkəmizdə cinayət hüququnun humanistləşdirilməsi siyasəti hüquqi islahatların əsas istiqamətlərindən biridir. Ona görə də, apellyasiya məhkəməsinin verəcəyi qərarı gözləmək indiki halda ən doğru mövqe olardı. Digər məsələlərə gəldikdə isə şübhsiz ki, Tofiq Yaqublunun mövcud şərtlər içərisində hüquqlarının qorunması, səhhəti ilə bağlı məsələlərin daima həkim nəzarəti altında olması, vəkilləri və ailə üzvləri ilə görüşməsi, həkiminin tövsiyyə etdiyi müalicə müəssisəsinə köçürülməsi kimi məsələlərin hamısı təmin edilib".H.Babaoğlu vurğulayıb ki, ictimaiyyət nümayəndələri, yerli insan hüquq müdafiəçiləri, müxtəlif partiya rəhbərləri, qeyri-hökumət təşkilatları, eyni zamanda hakim partiyanın millət vəkilləri və ictimai fəalları Tofiq Yaqublunun sağlamlığı və mənəvi-psixoloji durumu nəzrə alınmaqla onun cəzasının yüngülləşdirlməsi ilə əlaqədar müvafiq səlahiyyətli qurumlara və Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər: "Əminəm ki, Tofiq Yaqubluya münasibətdə ən humanist qərar qəbul ediləcək. Bir daha qeyd etmək istəyirəm ki, heç bir vətəndaşın taleyinə hakimiyyət əsla biganə qalmır, hər bir vətəndaşın həyatı onun üçün olduqca qiymətlidir. Ona görə də, əgər kimlərsə bu hadisəni istismar edib, siyasiləşdirib, təzyiq vasitəsinə çevirib ondan bir siyasi divident əldə edəcəklərini düşünürlərsə, tamamilə yanlış yolda olduqlarını qısa müddətdən sonra dərk edəcəklər".

sia.az

Digər xəbərlər