Siyasət

  • 8 477

Korrupsiyaya qarşı mübarizə üsulu: yeni və təkmilləşmiş mərhələ AKTUAL + ANALİTİK

image

Prezident İlham Əliyev: "Məmur həm dövlət, həm də vətəndaş qarşısında öz məsuliyyətini dərk etməlidir"

Azərbaycanda artıq bir neçə ildir ki, davamlı olaraq kadr və struktur dəyişiklikləri həyata keçirilir. Məhz bu islahatlar nəticəsində Azərbaycanda yeni çevik idarəçilik mexanizmi formalaşıb. Yeni kadrlar təyin olunarkən isə Prezident İlham Əliyev tərəfindən onların üzərinə çox ciddi tapşırıqlar qoyulur. Azərbaycanda reallaşdırılan islahatlar fonunda daha bir mühüm addım korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə siyasətində öz əksini tapmaqdadır. Əbəs deyil ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu məqama toxunmaqla yanaşı, fikir və təşəbbüslərini irəli sürür, həmçinin bu fikirləri əsasında sərəncamlar imzalayır, mühüm qərarlarını verir. Ölkə başçısı öz çıxışlarında qeyd edib ki, "Hər bir məmur vətəndaşın xidmətçisi olmalıdır. Məmur həm dövlət, həm də vətəndaş qarşısında öz məsuliyyətini dərk etməlidir".
Bu, həm də onu etiva edir ki, istənilən dövlət məmuru hakimiyyətin apardığı uğurlu siyasətə qarşı çıxırsa, xalqı dövlətdən narazı salırsa, o mütləq müvafiq cəzasını almalıdır
Dövlətimizin başçısının irəli sürdüyü fikirlərini təhlil edərkən həm də belə bir nəticəyə gəlmək mümkündür ki, bəzi hallarda məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Mövcud reallıq eyni zamanda ölkə rəhbərimiz tərəfindən korrupsiyaya qarşı mübarizənin çox ciddi, qətiyyətli və davamlı şəkildə aparıldığını isbat edir. Əbəs deyil ki, zaman-zaman müxtəlif rayon və şəhərlərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və s. qurumlar tərəfindən aparılan intensiv əməliyyatlar zamanı yüksək vəzifəli məmurların qaranlıq, cinayətkar əməlləri ifşa olunur, onlar qanun qarşısına çıxarılırlar. Bu, həm də onu sübut edir ki, istənilən məmur hakimiyyətin apardığı uğurlu siyasətə qarşı çıxırsa, o mütləq şəkildə cəzasını alır.Onu da qeyd etmək yerinə düşərdi ki, korrupsiyaya qarşı mübarizə üsulunun yeni və daha təkmilləşmiş mərhələsinə keçidi üçün Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdirilib. Belə ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna əsasən Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət olur. 5 üzvü Azərbaycan Prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi təyin edir.
Samir Nuriyev: "Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir"
Artıq komissiyanın ilk iclası da keçirilib və Prezident İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. O cümlədən, iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib. O, çıxış edərək bildirib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir", deyə vurğulayan komissiya sədri qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir".Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.Beləliklə, artıq əminliklə vurğulamaq olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəli və keyfiyyətli olması üçün dövlət səviyyəsində dinamik, ardıcıl tədbirlər görülür və bu mübarizə göründüyü kimi, tam aşkarlıq şəraitində aparılır. Azərbaycan hakimiyyəti və dövləti bu sosial bəlaya qarşı qətiyyətlə mübarizə aparır, təkamül və islahatlar yolu ilə korrupsiyanın aradan qaldırılması yönündə mükəmməl iş və iradə ortaya qoyur.

sia.az

Digər xəbərlər