Rusiya tərəflərin ilkin razılıq əldə edə biləcəyi təkliflər verməlidir - AÇIQLAMA

"Rusiyanın danışıqlar prosesinin bərpası üçün təklif edəcək yeni modeli yoxdursa, danışıqlar prosesinin bərpası əbəsdir. Rusiyanın danışıqlar prosesini bərpa etmək üçün göstərdiyi səylər, onun həm ATƏT-in Minsk Qrupunda həmsədr dövlət olaraq üzərinə götürdüyü mandatı baxımından, həm də bölgədəki geosiyasi maraqları nöqteyi-nəzərindən anlaşılandır. Digər tərəfdən bölgədəki vəziyyət tədricən dəyişməkdədir və artıq ekspertlər müharibə ehtimalının arta biləcəyi ilə bağlı fikirlər söyləyirlər. Xüsusən, biz Ermənistanın hərəkətlərində bu tendensiyanı müşahidə edirik. Ermənistan rəhbərliyinin “yeni ərazilər, yeni müharibə” doktrinası ondan xəbər verir ki, ermənilər işğal olunmuş ərazilərlə də kifayətlənmək istəmirlər və Azərbaycanın yeni torpaqlarının işğalı ilə bağlı bir mövqe ortalıqdadır. Başqa bir məsələ isə Ermənistanın hazırkı imkanları daxilində bu layihəni yerinə yetirə bilməyəcəyi aydındır. Təbii ki, Ermənistan bunu etməklə bölgədəki vəziyyəti gərginləşdirmək, qlobal güclərin maraq dairəsində qalmaq istəyir. Çünki bölgədəki vəziyyətin gərginləşməsi Rusiya kimi, Minsk Qrupunda təmsil olunan digər dövlətlərin də maraqlarına cavab vermir". SİA-nın məlumatııan görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, ən azından, Avropanın enerji təhlükəsizliyini təmin edən kəmərlərin əhəmiyyəti bölgədə müharibə faktorlarını birmənalı şəkildə kənara qoymağı tələb edir: "Heç şübhəsiz ki, Qərb və Birləşmiş Ştatlar bölgədə baş verə biləcək müharibənin qarşısını almaq üçün əllərindən gələni edəcəklər. Rusiya da bu məsələlərə fərqli rakursdan yanaşa bilər. Ermənistanın özünü müharibəyə sürükləyən, məhz Rusiyanın özü ola bilər. Bir də qeyd edim ki, Ermənistan təkbaşına bu müharibəni aparmaq iqtidarında deyil. Lakin onu bu işə təhrik edən Rusiya bölgədəki vəziyyətin gərginləşməsindən yararlanıb Azərbaycanla münasibətləri fərqli müstəvi üzərinə gətirməklə rəsmi Bakıdan istəklərinin qəbul olunması ilə bağlı müəyyən addımların atılmasını gözləyəcək. Təbii ki, Rusiyanın bu istəklərinin nədən ibarət olduğu bəllidir. Bu istəklər, Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etmək, hətta perspektivdə Azərbaycanı rus NATO-su deyilən Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatına (KTMT) görməkdən ibarətdir. Ən pis halda isə münaqişənin həlli adı altında sülhməramlı qüvvələr adı altında bölgəyə rus əsgərlərini yeritmək və Azərbaycanda yenidən Rusiyanın varlığını bərpa etmək ola bilər. Rusiyanın Azərbaycanda hərbi mövcudluğunun yenidən bərpa olunması, onun Yaxın Orta Şərqə nəzarət imkanlarının artması deməkdir. Eyni zamanda bu nəzarət Avropaya gedən enerji kəmərlərinə də aiddir. Şübhəsiz ki, bunu Qərb də anlayır".Ekspert hesab edir ki, əslində Rusiya bölgədə gərginlik yaratmaqla Azərbaycana istədiyini qəbul etdirməyə çalışır: "Rusiya bölgədəki gərginləşmədə guya maraqlı olmadığını arxa planda saxlamaq üçün danışıqların bərpa olunmasını istəyir. Əsl məqsədini də bunun arxasında gizlətmiş olur. Vəziyyətin status-kvo formasında qalması da Rusiyaya sərf edir. Rusiya danışıqların bərpa olunması dedikdə nəyi nəzərdə tutur? Bəllidir ki, Minsk Qrupunun digər üzvlərindən fərqli olaraq Rusiyanın Dağlıq Qarabağ problemindəki mövqeyi həlledicidir. Yəni Rusiya Ermənistana təzyiq etməklə bu məsələni həll edə bilər. Hətta rus diplomatlarının dediyi ki, Rusiya tərəflərin qarşılıqlı maraqları nəzərə alınmaqla problemin həlli istiqamətində konkret addımlar ata bilərdi. Ən azı əvvəlcə işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını təmin edib, bundan sonra Dağlıq Qarabağın hüquqi statusunun müzakirəsi ətrafında danışıqların getməsinə rəvac verə bilərdi. Amma təəssüflər olsun ki, Rusiya bu illər ərzində konkret addımlar atmadı. İndi Rusiya danışıqlar bərpa olunmalıdır deməklə hansı modeli təklif edir? Danışıqlar vaxtın uzadılması xatirinə aparılırsa, buna gərək yoxdur. Bu danışıqların gedişində tərəflərin konkret məsələ ətrafında razılığa gələcəyini və ən azı işğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılacağı ilə bağlı ilkin addımların atılacağını müşahidə edəcəyik. Əgər bunlar olmayacaqsa, danışıqların bərpa olunmasına ehtiyac yoxdur. Rusiya Qərbin ona “Şimal Axını-2” layihəsi və Belarusla bağlı sanksiya tətbiq edəcəyindən də narahatdır. Digər tərəfdən Türkiyənin də qəti çıxışları onu narahat edir. Danışıqların bərpa olunması üçün Rusiya ən azı tərəflərin ilkin razılıq əldə edə biləcəyi təkliflər verməlidir".E.Manafov bildirib ki, əgər danışıqlar prosesi yenə də, yenilənmiş Madrid prinsipləri əsasında gedəcəksə, onda məlumdur ki, danışıqlar prosesi yalnız vaxtı uzatmaq naminə aparır: "Rusiyanın fəallaşmasının bir səbəbi də ABŞ-da prezident seçkilərinin noyabrda keçiriləcəyi və Trampın xarici siyasətdə gərginliyin səngiməsində maraqlı olmasıyla əlaqədardır. Trampın Şərqlə bağlı son çıxışları da bunu göstərir. Sergey Lavrovun “biz yalnız vasitəçiyik” deməsi beynəlxalq hüquq kontekstindən yanaşmadır. Lakin bilirik ki, de-fakto olaraq Rusiya beynəlxalq güc kimi bu məsələni həll edə bilər. Bu gün hüququn gücü deyil, beynəlxalq güclərin hüququ işləyir".

sia.az