Siyasət

  • 7 884

Ramin Məmmədov: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması regionda təhlükəsizliyə və sabitliyə ən ciddi təhdiddir

image

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması regionda təhlükəsizliyə və sabitliyə ən ciddi təhdiddir. Proseslərin gedişi göstərir ki, indiki halda münaqişənin yenidən alovlanması, hərbi toqquşmaların baş verməsi riski olduqca yüksəkdir”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, Azərbaycan ötən müddət ərzində kifayət qədər səbirli və soyuqqanlı davransa da, Ermənistan hakimiyyəti müxtəlif təxribatlarla vəziyyəti gərginləşdirir, buna görə də danışıqların nəinki müsbət nəticələnəcəyinə, hətta davam edəcəyinə belə ümid qalmayıb.
Deputatın fikrincə, baş verən son hadisələr fonunda Ermənistanla danışıqlar aparılması mənasız görünür və bunu nəinki Azərbaycan, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri də görür. Azərbaycan Prezidenti də yerli televiziyalara müsahibəsində açıq şəkildə ifadə etdi ki, danışıqlar faktiki olaraq dayanıb. Bu, əslində, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanlanmış aydın mesajdır. Azərbaycan kifayət qədər təmkin nümayiş etdirib, lakin görünür ki, siyasi prosesləri və mesajları düzgün analiz etmək qabiliyyətində olmayan Paşinyan və komandası bundan doğru nəticə çıxara bilmir. “Hesab edirəm ki, həm daxili, həm də xarici siyasətdə ard-arda uğursuzluqlar yaşayan Ermənistan bu cür təxribatlarla özünü uçuruma aparır. Bu günlərdə Ermənistanın keçmiş prezidentlərindən biri də müsahibəsində qeyd etmişdi ki, uzunmüddətli müharibədə duruş gətirmək üçün Ermənistanın iqtisadi və digər resursları yoxdur. Yəni, Ermənistan siyasətçilərinin bir çoxu reallığı başa düşürlər, düzgün qiymətləndirirlər, hakimiyyətdə olanlar isə əksinə”, - deyə deputat qeyd edib.
Ramin Məmmədov bildirib ki, faktiki olaraq bu gün Ermənistanın yeni təxribatlara hazırlaşdığına dair ciddi məlumatlar var və bu məlumatlar bəzi xarici kütləvi informasiya vasitələrində də yer alır: “Bu gün baş verənlər, Azərbaycanın bir hərbçisinin şəhid olması, digər bir hərbçisinin yaralanması, cəbhə xəttində Ermənistan PUA-sının vurulması bu məlumatların doğru olduğunu təsdiqləyir. Lakin Azərbaycan dövləti və xalqı istənilən təxribatın qarşısını almağa həm mənəvi-psixoloji, həm də hərbi və iqtisadi baxımdan tam hazırdır. Hesab edirəm ki, Ermənistanın əl atacağı növbəti təxribat bu ölkə üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Təəssüf ki, Ermənistanda hakimiyyətdə olan qüvvələr bu reallığı anlamır”.

yap.org.az

Digər xəbərlər