"Paşinyanın xalqa verdiyi öhdəlikləri yerinə yetirə bilməməsi...." ÖZƏL-MÜNASİBƏT

“Ermənistan cəbhədə süni şəkildə gərginlik yaratmaqla ilk növbədə digər ölkələri, xüsusən strateji müttəfiqi olan ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.Deputatın sözlərinə görə, hazırda Ermənistanın daxilində ictimai-siyasi vəziyyət kifayət qədər gərgindir: “Paşinyanın komandası hakimiyyətə gəldikdən sonra Ermənistanın sosial həyatında bir çox gərginliklər yaranıb. Köhnə klanla aralarında yaranmış konfliktlər və Paşinyanın xalqa verdiyi öhdəlikləri yerinə yetirə bilməməsi, əhalinin sosial vəziyyətinin gündən-günə aşağı düşməsi, onu hakimiyyətə gətirən qüvvələr tərəfindən Ermənistana kifayət qədər investisiyaların qoyulmaması, yəni, vəd olunan maliyyənin ayrılmaması daxildə parçalanmalara səbəb olub. Bildiyiniz kimi, Paşinyan artıq öz siyasi rəqiblərini bir-bir həbs etdirir və onlarla çox gərgin mübarizə aparır. Bu baxımdan düşünürəm ki, erməni təxribatının arxasında iki məqsəd dayana bilər: birincisi, diqqəti ölkə daxilindəki problemlərdən yayındırmaq və cəbhəyə yönəltmək; ikincisi, digər ölkələri münaqişənin həllinə cəlb etmək. Bildiyimiz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. İşğal olunmuş ərazilərdə, eyni zamanda Dağlıq Qarabağda üçüncü, dördüncü qüvvələrin və KTMT-yə üzv ölkələrin orada hər hansı əməliyyat keçirmək səlahiyyətləri yoxdur. Müqaviləyə əsasən, həmin dövlətlər Ermənistanla digər ölkələr arasında yaranmış konflikti tənzimləmək məqsədilə proseslərə müdaxilə edə bilərlər. Bu baxımdan hesab edirəm ki, məhz Tovuz istiqamətində bu təxribatların davam etməsi düşünülmüş bir addımdır”.N.Məhəməliyev Azərbaycanda ehtiyatda olan hərbi qulluqçuların orduya təlimə çağrılması məsələsinə də toxunub. Onun fikrincə, bu cür təlimlər mütəmadi olaraq, keçirilməlidir: “Bilirsiniz ki, Ermənistan tərəfi könüllü ordu yaratmaq məqsədilə 70 yaşa qədər kişilərin orduya cəlb olunması, partizan dəstələrinin yaradılması, Yaxın Şərq ölkələrindən, konkret olaraq, Livan, İraq və Suriyadan muzdlu əsgərlərin ora gətirilməsi kimi yollara əl atdı və bütün bunlar göstərir ki, Ermənistanda ordunun komplektləşdirilməsi mümkün deyil. Lakin bizim belə bir problemimiz yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclüdür və ordunun şəxsi heyəti də komplektləşdirilib. Ehtiyatda olan hərbi qulluqçuların orduya çağırılması isə təlim məqsədi daşıyır.Təbii ki, biz hər an müharibəyə hazır olmalıyıq. Bu baxımdan Azərbaycan hökuməti kifayət qədər qabaqlayıcı tədbirlər görür. Hesab edirəm ki, indiki halda ehtiyatda olan hərbi kontingentin təlimlərə cəlb olunması olduqca vacibdir. Çünki döyüş vərdişləri daim təkrarlanmalıdır. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb bu tipli təlimlər tez-tez həyata keçirilməlidir. Bu, dövlətimizin möhkəmlənməsi və ərazi bütövlüyümüzün qorunması üçün olduqca vacibdir”.

sia.az