"Mədəni irs dünya mədəniyyətinin ayrılmaz bir hissəsidir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında maddi və mədəniyyət abidələrini məhv və talan edilməsinə, saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşər sivilizasiyasına qarşı törədilən beynəlxalq cinayətdir”. Bunu SİA-ya millət vəkili Pərvin Kərimzadə deyib.Deputatın sözlərinə görə, erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini yox edirlər: “Bu mümkün olmadıqda isə həmin abidələrin üzərində erməni dilində yazılar həkk edir, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdirirlər. Abidələrin memarlıq quruluşunda və interyerində dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Eyni zamanda ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirirlər.Ermənistan beynəlxalq təşkilatların üzvü olan bir dövlət kimi işğal olunmuş ərazilərdə Azərbaycanın dini və mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına görə cavabdehdir. Bu acı həqiqətlər erməni rəsmiləri tərəfindən ört-basdır edilir və beynəlxalq məsuliyyətdən yayınır. Mədəni irs dünya mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bu baxımdan ölkəmizin ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir.Erməni vandalizmi, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində insanlara, eləcə də tarixi, maddi-mədəniyyət, dini abidələrimizə qarşı törətdikləri vəhşiliklər haqqında həqiqətlərin dünya ölkələrinə çatdırılması, beynəlxalq miqyasda dolğun təsəvvürlərin formalaşdırılması Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Milli-mənəvi dəyərlərimizin ən böyük təbliğatçısı olan Heydər Əliyev Fondunun gördüyü ardıcıl və məqsədyönlü işlər, həyata keçirdiyi tədbirlər xüsusi önəm kəsb edir. Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılan, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu barədə cəmiyyətin yeni araşdırmalar zamanı aşkar edilən tarixi faktlarla məlumatlandırılması daim diqqət mərkəzində olmalıdır. Çünki, işğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir".

sia.az