Siyasət

  • 5 461

Sədaqət Vəliyeva: Vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək

image

“Heç kəsə sirr deyil ki, hələ mart ayında COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdı. Həmin vaxt xalqımızın milli həmrəyliyi və dəstəyi ilə Fonda milyonlarla manat vəsait toplandı. Hətta, ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bir illik əmək haqlarını Fonda ianə etdilər. Bu gün artıq Fondda 114 milyona yaxın vəsait vardır. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxslər barədə Fondun rəsmi internet səhifəsində məlumatlar da yerləşdirilib. Həmçinin, Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir və təsadüfi də deyildir ki, Fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası da yaradılıb”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər: “Lakin vaksinlərə olan tələbat həcminin onların istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Ona görə də, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlılıq imkanı yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı, Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVAX platforması yaradılıb. Sentyabrın 18-də isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Məhz, bu sazişin icrasından irəli gələn məsələlərin, yəni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək”.

“Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir və əhalinin sağlamlığının qorunması üçün bütün mümkün üsullardan istifadə edir, bu məsələdə maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVİD-19 pandemiyasından xilas olmasına xərclənəcək: “Fondun vəsaitlərinin xərclənməsinə dair əsassız fikirlər səsləndirmək, qeyri-obyektiv mövqe tutmaq, ictimai rəyi çaşdırmağa çalışmaq indiki məqamda düşmənçilikdən başqa bir şey deyildir. Vaksinasiya prosesi heç asan olmayan bir məsələdir. Bu səbəbdən də, Fonda vəsait köçürərkən necə həmrəy idiksə, bundan sonra da bir olmalıyıq, radikal müxalifətin şər və böhtan xarakterli qeybətlərinə inanmamalıyıq. Lakin bir məsələni də unutmayaq ki, bu gün sosial şəbəkələrdə şər atanlar, böhtan yazanlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürməmələrinə baxmayaraq, dövlət ayrı-seçkiliyə yol verməyəcək, radikal müxalifətin, yalan, təhqir “maşınları”nın da nümayəndələrini vaksinasiya prosesinə cəlb edəcək, onların da xəstəlikdən xilas olmasına imkan yaradacaq. Bu, Azərbaycan dövlətinin bir daha şəffaflığını, humanistliyini və demokratikliyini nümayiş etdirir”.

yap.org.az

Digər xəbərlər