“Azərbaycan Prezidenti Azərbaycan xalqının əzminin və iradəsinin ifadəçisidir. Ölkə başçısı dünənki çıxışında və xalqa müraciətində də bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi. Bu, birmənalıdır. Biz qələbə sona çatdırılanadək, Azərbaycan torpaqlarından sonuncu erməni əsgəri çıxarılana və torpaqlarımızda Azərbaycan bayrağı dalğalana qədər mübarizəmizi davam etdirəcəyik”. Bunu SİA-ya Milli Məclisin deputatı Sevil Mikayılova deyib.Deputatın sözlərihə görə, bu gün düşmənin hay-küy salması, beynəlxalq birlikdə özünə dəstək axtarmaq üçün müxtəlif üsullardan, manevrlərdən istifadə etməsinə baxmayaraq, bizim əzmimiz möhkəmdir: “Bu gün Azərbaycan Silahlı Qüvvələri həmin ərazilərdə böyük rəşadətlə vuruşur. Artıq bir həftədir ki, biz əks-həmlə hücumlarına başlamışıq. Amma bu müddət ərzində düşünürəm ki, Azərbaycan Ordusunun böyük uğurları olub. İlk növbədə, həmçinin deməliyik ki, xalqımız böyük sevinc içindədir və cəmiyyətimizdə böyük qələbə ruhu var. Azad olunmuş ərazilərimizə sancılan həmin o bayraqlar bu gün Azərbaycan vətəndaşının ürəyindən xəbər verir və qəlbini sevinclə doldurub. Ümumiyyətlə, cəmiyyətimiz qələbəyə köklənib və mübarizəmiz sona qədər də davam edəcək.Dağlıq Qarabağ məsələsi bizim bir nömrəli məsələmizdir. Xarici siyasət kursumuzda da bu məsələ hər zaman ön planda dayanıb. Cənab Prezidentin bütün çıxışlarının, beynəlxalq təşkilatlardakı iştirakının, ən yüksək səviyyəli görüşlərinin əsas motivini Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr təşkil edib. Gəlin birmənalı şəkildə deyək ki, bu gün beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Yəni elə bir təşkilat, elə bir ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləməsin. Bu, o deməkdir ki, işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmalıdır. Ermənistanın özünə yeni havadarlar axtarışına gəlincə isə, bu, gözlənilən idi. Çünki işğalçı Ermənistan hər zaman ədalətsiz mövqedə olan bir ölkə olub və digər ölkənin ərazilərini işğal edib”.
sia.az