"Ermənistan çətin durumdadır. Onun düşdüyü hərbi, siyasi, iqtisadi, diplomatik böhran getdikcə dərinləşir. Başını itirən baş nazir Paşinyan aramsız olaraq Putinə, Makrona və digər liderlərə zənglər edir. Azərbaycan Ordusunu durdurmaq üçün onlara yalvarıb-yaxarır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Onun sözlərinə görə, liderlər isə öz növbəsində, bir-birlərinin ardınca Prezident İlham Əliyevə telefon açırlar: "Ali Baş Komandan özünəməxsus nəzakət, mədəniyyət və ədəb-ərkanla həmkarlarını səbrlə dinləyir və ölkəmizin mövqeyini onlara çatdırır. Mövqeyimiz çox sadədir: İşğalçı əsgərlər torpaqlarımızı tərk etsinlər, atəşi kəsək! Bəlkə də zəng vuranlardan kimlərinsə dişi bağırsağını kəsir. Amma İlham Əliyevin qətiyyəti, Türkiyənin sərt mövqeyi onları məsuliyyətli davranmağa vadar edir.Hər şeydən əlini üzən Paşinyan dərhal yeni bir xahişlə Rusiya dövlət başçısının zəhləsini tökməyə başlayıb. "Qarabağa Rusiyanın sülhməramlılarını göndərin!" deyərək hey yalvarır. Moskvanın ürəyindən keçənləri dilinə gətirməsi səbəbi ilə Kremldəkilər bu dəfə erməni liderə müsbət cavab verdilər. Rusiyanın Xarici İşlər naziri S. Lavrov dərhal bəyan etdi ki, Ermənistanın və Azərbaycanın razılığı olarsa, rus sülhməramlılarını Qarabağa göndərməyə hazırdırlar. Görünür, Rusiya Azərbaycanın hər zaman onunla hörmətlə davranmasını nəzərə alaraq, bizim belə bir qərarı verəcəyimizə ümid bəsləyir. Nahaq yerə, çox nahaq yerə! Azərbaycan heç vaxt buna getməyəcək!"Qaynar nöqtələr"də Rusiyanın "sülh göyərçinlərinin" əsl simalarını bütün dünya görüb. Abxaziya və Osetiyada onların qonşumuz Gürcüstanın başına açdıqları müsibətlər unudulan deyil. Əgər ABŞ, Avropanın bəzi dövlətləri olmasaydı, həmin sülhyaradanlar Gürcüstanı tarixin arxivinə göməcəkdilər. Ruslar ölkəmizə yalnız turist, qonaq, iş adamı kimi gəlsinlər. Qonaqpərvərik. Plovumuza,dolmamıza, kababımıza, lavaşımıza qonaq edərik. Amma rus əsgərinin torpaqlarımızda işi yoxdur. Onun ayağı heç vaxt Azərbaycana dəyməyəcəkdir!Ən yaxşı vasitəçi beynəlxalq qanunlar, öz Konstitusiyamızdır. Erməni silahlıları bir nəfər kimi Azərbaycanı tərk etsinlər, Prezident İlham Əliyevin İrəli sürdüyü şərtlər qəbul olunsun, bax onda döyüşləri dayandırarıq. Ermənistanın indi getdiyi yol onu süquta aparır. Zənnimcə, bunu regionda bizdən başqa istəyənlər çoxdur. Ümumiyyətlə, kökləri olmayan ağaclar tez quruduqları kimi, qondarma dövlətlərin də ömrü ötəri olur. Bu, tarixin obyektiv qanunauyğunluğudur!".
sia.az