"Cənab Prezident İlham Əliyevin çıxışı məhz Azərbaycan xalqının iradəsinin nümayişi idi. Azərbaycan xalqı artıq Ermənistan hakimiyyətinin və beynəlxalq təşkilatların yalançı oyunlarına inanmaq istəmir və Prezident İlham Əliyev öz müraciəti ilə bir daha xalqın iradəsini ortaya qoydu. İllərdir məhz ATƏT-in Minsk Qrupunun bu məsələyə qərəzli və birtərəfli yanaşması səbəbindən torpaqlarımız işğal altında qaldı, lakin indi Ermənistanı xilas etmək üçün və cənab Prezidentin vurğuladığı kimi düşmənə vaxt qazandırmaq üçün Azərbaycana xahişə düzülüblər". Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.Birlik sədrinin sözlərinə görə, Azərbaycan dövləti və xalqı onların iç üzünü gördü, ona görə cəmiyyətimizdə bu təsisatlara inam ciddi şəkildə sarsılıb: "Əgər onlar həqiqətən də Ermənistana kömək etmək istəyirlərsə, Paşinyanı indiki Ermənistan üçün ağır bir dövrdə populist çıxışlardan çəkindirməli və reallığa dəvət edərək Ermənistan qoşunlarının torpaqlarımızdan çıxmasına zəmin yaratmalıdırlar: "Bunun üçün isə Azərbaycan Prezidenti tamamilə doğru olaraq onlara Ermənistanın torpaqlarımızı tərk etməsinə dair vaxt cədvəli təqdim etməyi təklif etdi. Beynəlxalq təşkilatlar özləri də illərdir məhz bu mexanizmlərlə işləyiblər, bizə qarşı münasibətdə bu sərf etmədikdə münaqişəni uzatmağa çalışıblar.Cənab Prezident İlham Əliyevin bütün çıxışları bir məqsədə xidmət edir, işğal edilmiş torpaqlarımızı işğaldan azad etmək. Paşinyan isə bir neçə gündə daxili publikaya yonəlik və beynəlxalq mediaya tam fərqli məzmunlu çıxışlar edərək tərəflərdə çaşqınlıq yaratmağa çalışıb. Paşinyanın Ermənistan cəmiyyətinə yönəlik çıxışları faşist və rasizm, terrorçuluğa dəstək elementləri uzərində qurulub, bununla o ölkə daxilində itirməkdə olan hakimiyyətini saxlamağa çalışır, beynəlxalq ictimaiyyətə isə yalançı sülh çağırışları ilə vaxt udmağa çalışır. Bütün bunlar isə ondan xəbər verir ki, Paşinyan artıq reallıq hissini itirib, məsuliyyətsiz bir adamdır və ölkə daxilində siyasi prosesləri nəzarətdə saxlaya bilmir. O Dağlıq Qarabağ məsələsində də bir çox yanlışlıqlara yol verdi. Onun ölkə daxilində rəqibləri isə onun bu yanlışlıqlarından ona qarşı çox məharətlə istifadə edir. Paşinyan bu səhvləri təkrarlamağa davam etməklə erməni xalqını daha böyük fəlakətlərə düçar edir. Məhz onun hakimiyyətə gəlişindən sonra Ermənistan ciddi xaosa sürükləndi".
sia.az