"Paşinyanın maskasının hər keçən gün bir az daha çox aralandığına onsuz da öyrəşmişik. Bu dəfə isə o maska tamamilə yerə düşdü. Eyni auditoriyadan ikinci dəfə rəzil və rüsvay vəziyyətə düşən Paşinyan bu dəfə bir daha sübut etdi ki, onun nəinki siyasi və tarixi savadı yoxdur, hətta Dağlıq Qarabağ və ətraf rayonlar arasında olan fərqi də bilmir. Belə ki, BBC-nin “HARDTalk” proqramında jurnalist İohan Fişerin “Siz münaqişəni başa çatdırmaq üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmağa hazırsınızmı?” sualına “Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımaqdan imtina etdi, bu da ona görə yerinə yetirilmədi”, cavabını verməklə görünür, Paşinyan ətraf rayonlarda heç vaxt ermənilərin yaşamadığından xəbərsizdir. Əgər bu rayonlarda ermənilər yaşamayıbsa təbii ki, burada heç bir müqəddəratdan da söhbət belə gedə bilməz". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloq bildirib ki, bundan əlavə, nəzərə alsaq ki, dövlət başçısında qətiyyət olmalıdır və bu mütləq keyfiyyətdir, bu cəhətdən də Paşinyan kasaddır: "Belə ki, o əvvəla danışıqlar formatını yenə heçə sayaraq, eyni zamanda cəbhədə ona verilən dərsdən hələ də ağıllanmayaraq verilişdə “Qarabağ Ermənistan torpağıdır” kimi təxribatçı fikir səsləndirir, ardından başqa bir müsahibəsində “biz güzəştə hazırıq” deyir. Belə olan məqamda sual olunmalıdır ki, dünya birliyi və Azərbaycan tərəfi olaraq biz “hansı Paşinyana” inanaq? Təbii ki, buradan da bir daha görünür ki, o nə dərəcədə qeyri-ciddi insandır və belə insanla hər hansı danışıqlar masasına oturmaq mənasızdır".Ş.Həsənova vurğulayıb ki, eyni zamanda jurnalistin “Sizin bu cür danışığınızdan belə görünür ki, siz razılığa yer qoymamısınız” deməsi həm geniş ictimaiyyətin artıq onun simasına, daha dəqiq desək simasızlığına bələd olmasını göstərir, həm də ona inanılmayaraq bu cür aşağı səviyyəli sual ünvanlanması bir dövlət başçısına olan hörmətin sıfır səviyyəsində olduğundan xəbər verir: "Ermənistanın Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal etməsi faktını həqiqətə uyğun olmayan kimi qələmə verməsi qarşısında sual yaranır ki, bəs bu yazıx insan BMT qətnamələrindən də mi xəbərsizdir?! Təbii ki, bu alışdığımız Paşinyandır. Nə danışdığını özü də bilməyən, xəyal dünyasında abstrakt düşüncələrlə yaşayan Paşinyan".
sia.az