On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi bunun real göstəricisidir
Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düz 14 gündür ki, ölkə Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi ilə bir-birinin ardınca qələbələr sorağını eşidirik. Bu, xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir! Və Ordumuzun uğurları hər bir azərbaycanlıda sevinc və sonsuz qürur hissi yaşadır. Dövlət başçımızın dediyi kimi, Qarabağ bizim doğma dədə-baba torpağımızdır, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir.
Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır
Bu gün bu fərq Milli Ordumuzda da görünməkdədir. Çünki Milli Ordumuz təcavüzkardan fərqli olaraq, beynəlxalq normalara əməl edir, mülki əhalini atəşə tutmur. Bu gün Vətən müharibəsi getdiyi bir zamanda, işğalçı Ermənistan gücləri tükəndiyi halda öz faşist niyyətlərini mülki əhaliyə atəş açmaqda göstərdiyi bir məqamda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndinin erməni sakinlərinə müraciət ünvanlayaraq bildirmişdir ki, bizim hədəfimiz yalnız işğalçı ordu və onun döyüşçüləridir və Azərbaycan ordusu heç vaxt mülki əhaliyə (düşmən tərəfdə olsa da) və onun infrastrukturlarına atəş açmayacaq. Mülki əhalinin narahat olmasına heç bir əsas yoxdur. Halbuki bunun tam əksi olaraq, təcavüzkar ölkə, dinc əhalinin yaşayış yerlərini, infrastrukturları ağır artilleriya atəşinə tutur və bu, birinci dəfə deyil, Xocalı soyqırımı, Tovuz hadisələrində, bugünlərdə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Bunun nəticəsində bugünlərdə mülki əhali arasında xeyli yaralanan və həlak olan vətəndaşlarımız olub. Naftalanda bütövlükdə bir ailənin üzvləri, o cümlədən iki məktəbli bu təcavüzün qurbanı oldu. Bu gün bütün dünyaya daim günahsız qurban kimi qələmə verən ermənilər bir tərəfdən ikili siyasətlərini nümayiş etdirsələr də, bir daha faşist niyyətli olduqlarını göstərməkdədirlər.
Bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir
Belə bir çətin durumda bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşı davam etdirsinlər. Bu, eyni zamanda, Azərbaycan əsgərinin əhval-ruhiyyəsinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir.Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbçilərlə görüşü zamanı dövlət başçıs bildirdi: "Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".
"Azərbaycan xalqı öz qəhrəman övladları ilə qürur duyur"
Azərbaycan Prezidenti onu da bildirib ki, dövlət həmişə sizin yanınızdadır: "Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq".Bax, budur xalq-iqtidar-ordu birliyi. Yaralı əsgərlərimizə şəfa diləyən Prezident İlham Əliyev deyib: "Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"Bəli, bu birliyin təcəssümü qalibiyyətdir və Azərbaycan Prezidentinin siyasəti qalib gələcək!. Çünki qəhrəman Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir. İndiki məsuliyyətli günlərdə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında möhkəm surətdə birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Nida işarəsi!
sia.az