"Gəncə hücumu Ermənistanın anti-insani, faşist simasını ifşa etdi" MÜNASİBƏT

“Moskvada humanitar atəşkəsin imzalanmasından sonra Ermənistanın razılaşmanı dərhal pozması, diversiya qrupları ilə hücumlar təşkil etməsi, yaşayış məntəqələrini bombalaması bu ölkənin təcavüzkar mahiyyətini bir daha ortaya qoydu. Atəşkəs razılaşmasını kobud şəkildə pozan Ermənistan Gəncəyə raket zərbəsi endirməsi, günahsız uşaqları, qadınları, yaşlıları qətlə yetirməsi, yaralaması bir daha göstərdi ki, Paşinyan rejimi heç bir halda sülh, atəşkəs tərəfdarı deyil”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, sonuncu Gəncə hücumu Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist simasını ifşa etdi və bütün dünyaya göstərdi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir: “Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyırdı və bu, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradırdı. Bu, eyni zamanda Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şans idi. Ermənistan üçün bir imkan idi ki, daha ağır zərbələr almaqdan qaçsın, işğalçılıq siyasətindən əl çəksin. Lakin Paşinyan rejimi bu imkanı da əlindən buraxdı və təcavüzkarlıq siyasətini davam etdirməkdə israrlı olduğunu nümayiş etdirdi”.“Ermənistanın Gəncədə çoxmənzilli binanı raket atəşinə tutması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin əyani təsdiqidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu hücumlar, mülki əhalinin hədəfə alınması, sözün əsl mənasında, müharibə cinayətləridir və Ermənistan artıq qlobal bir problemə çevrilib.Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisidir: “Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistanın məsuliyyətsiz və cinayət xarakterli əməllərinə susmamalı, münasibət bildirməli, işğalçı ölkəyə təzyiq etməlidir. Eyni zamanda, Paşinyan rejimi humanitar atəşkəsin əsas təşəbbüskarı Rusiyanın qlobal sülhyaratma fəaliyyətinə ləkə gətirdiyinə, onun vasitəçilik imicinə xələl vurduğuna görə Moskva Ermənistandan hesab sormalıdır. Moskva da artıq anlayır ki, bundan sonra Ermənistanın sülhə, atəşkəsə riayət edəcəyi sadəcə xülyadır. Elə bu səbəbdən də təcavüzkar ölkənin cəzalandırılması qaçılmaz reallığa çevrilir”.

sia.az