Siyasət

  • 6 897

Ermənistan təcavüzkar siyasəti davam etdikcə məğlubiyyəti qaçılmaz olacaq - Adil Əliyev

image

Ermənistan tərəfinin 2016-cı ilin Aprel döyüşlərində öz cəzasını almasına baxmayaraq, sentyabrın sonlarında yenidən təxribata əl atması Azərbaycan Ordusunun işğalçı ölkəyə gücünü nümayiş etdirməsinin vaxtının çatdığını göstərirdi. Ordumuz Aprel döyüşlərindən sonra Günnüt əməliyyatında da erməniləri ağır itkilər verməklə geri çəkilməyə məcbur etmişdi. Sentyabrın 27-dən etibarən əl atdıqları təxribata Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən verilən cavab isə təcavüzkara daha böyük itkilər hesabına başa gəldi. Budəfəki döyüşlər miqyasına, işğaldan azad edilən ərazilərə, məhv edilən düşmən sayına və ələ keçirilən hərbi texnikaya görə daha sarsıdıcı oldu. Ermənistan ordusunun və cəmiyyətinin özünə inamı kəskin surətdə azaldı. Ordumuz bir neçə günə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Silahlı qüvvələrimiz tərəfindən düşmənin 190-dan çox tankı, artilleriya qurğusu və raket sistemləri, xeyli sayda canlı qüvvəsi məhv edildi, çoxsaylı hərbi texnikası və silah-sursatı ələ keçirildi. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə işğal altında qalan torpaqlarımızın bir qismini azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlılarının sarsılmaz birliyi dövlətimizin əzmini daha da artırdı. Bu fikirləri açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.Son döyüşlərdə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin, Murovdağ zirvəsinin, Suqovuşan su anbarının, onlarla kəndin, strateji yüksəkliklərin azad edildiyini vurğulayan Adil Əliyev deyib: “Hazırda həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi. Suqovuşanın azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı. Artıq düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanı, nə də resursu var.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bildirdiyi kimi, “status-kvo yoxdur, onu mən dəyişdirmişəm, təmas xətti də yoxdur, təmas xətti yarılıb”.“Biz Ermənistan tərəfinə vaxt verdik ki, humanitar atəşkəs elan olunsun. Bunun əhəmiyyəti nədən ibarət idi: birincisi, humanitar atəşkəs beynəlxalq hüququn tələbidir. Humanitar atəşkəs o səbəbdən elan olunur ki, müharibədə iştirak etmiş tərəflər yaralılarını çıxarsın, həlak olanları döyüş meydanından götürsün, ailələrinə təhvil versin, dəfnləri təşkil edilsin. İkincisi, fasiləsiz davam edən qızğın döyüşlər zamanı düşmənə qarşı amansız mübarizə aparan əsgər və zabitlər humanitar atəşkəs dövründə bir neçə gün istirahət edə bilsin, onların yenidən döyüşə hazırlığı təmin edilsin. Üçüncüsü, humanitar atəşkəs dövründə qarşıdakı plan üzrə yeni hərəkət əraziləri, mühüm strateji nöqtələr seçilsin və zəruri taktiki əməliyyatlar müəyyən edilsin. Dördüncüsü və ən əsası, bu humanitar atəşkəsə əməl etməklə torpaqlarımızın işğalda olmasına baxmayaraq, Azərbaycan Respublikası öz Konstitusiyasının 9-cu maddəsinin II bəndinin tələblərinə uyğun olaraq münaqişələrin həlli üsulu kimi müharibənin əsas olmadığını, sülhə tərəfdar olduğunu bir daha aşkar şəkildə dünyanın diqqətinə çatdırsın”, - deyə A.Əliyev qeyd edib.Milli Məclis Sədrinin müavini, həmçinin bildirib: “Azərbaycan münaqişənin müharibə yolu ilə deyil, sülh yolu ilə ədalətli həllini tələb edir. Əgər bu sülhün içərisində ədalət yoxdursa, biz onu istəmirik. Azərbaycan hakimiyyəti hər zaman bildirib ki, vasitəçi olmaq istəyən tərəflər Ermənistandan qrafik almalıdır. Həmin qrafikdə Ermənistan Azərbaycan ərazilərini hansı müddətdə, necə boşaldacağını bildirməlidir. Qrafik qısa müddətdə vasitəçilər tərəfindən təsdiqlənməlidir. Lakin məhz bu münaqişənin həlli üzrə mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləri heç vaxt üzərilərinə götürdükləri vəzifələri layiqincə icra etmədilər. Necə ki, son 28 ildə BMT Ermənistanın üzərinə 4 qətnaməni icra etməklə bağlı vəzifə qoyub və Ermənistan tərəfi buna əməl etmir”.Ermənistanın humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini diqqətə çatdıran Adil Əliyev vurğulayıb: “Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərləri yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qaldı. Gəncə şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak oldu, 40-a yaxın insan ağır xəsarət aldı. Baxmayaraq ki, Gəncə şəhərinin təmas xətti ilə heç bir əlaqəsi yoxdur”.Adil Əliyev diqqətə çatdırıb ki, Ermənistanın cəbhədən kənarda yerləşən əraziləri atəşə tutmaqda əsas məqsədi üçüncü ölkələri öz xeyrinə münaqişəyə cəlb etməkdir. Artıq bütün dünya gördü ki, Azərbaycan müharibədə çox böyük üstünlüyə malik olmasına baxmayaraq, münaqişənin öz ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə nail olmaq istəyir və bununla bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Azərbaycan müharibəyə tam hazır olsa da, sülh danışıqlarından imtina etmədi. Ermənistan isə sülh danışıqlarının şərtlərini bir neçə saatda pozdu. Bu isə Ermənistan hakimiyyətinin əsil mahiyyətini göstərir.

sia.az

Digər xəbərlər