Siyasət

  • 6 161

İndoneziya saytı: Ermənistan beynəlxalq hüququ pozur

image

Ermənistan beynəlxalq hüququ pozur və bu müharibə yalnız iki ölkəyə deyil, bütünlükdə regiona böyük zərər vuracaq.

Bu fikirlər İndoneziyanın Miraj İnformasiya Agentliyinin yaydığı məqalədə yer alıb. “Ermənistan-Azərbaycan münaqişəsi: Ermənistan beynəlxalq hüququ pozur” sərlövhəli məqalənin müəllifi Siyasət, Biznes və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Yasmi Adriansyahdır.
Məqalədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı narahatlığını ifadə edən müəllif İndoneziya hökumətinin iki ölkənin rəhbərlərinə atəşkəsi bərpa etməyə dair çağırış etməsinin zəruriliyini bildirib.
Yazıda Ermənistanın sentyabrın 27-dən Azərbaycana qarşı yenidən təxribat törətdiyi, Azərbaycan Ordusunun mövqelərinə, mülki şəxslərə və müxtəlif sosial obyektlərə atəş açmaqda davam etdiyi qeyd olunur.
İndoneziya və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri olduqlarını xatırladan Y.Adriansyah Cakartanın Bakıya mənəvi dəstək verə biləcəyini vurğulayıb. Deyib ki, bu dəstək Dağlıq Qarabağ bölgəsinə qanunsuz nəzarət edən Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanla bağlı narahatlığımızdan irəli gəlir.
Müəllif qeyd edib ki, COVID-19 pandemiyasının davam etdiyi bir vaxtda dünya Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanlı müharibənin şahididir.
Y.Adriansyah vurğulayıb ki, iki ölkə arasında humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan Azərbaycan şəhərlərini raket atəşinə məruz qoyur.
Müəllif apardığı monitorinq nəticəsində Ermənistanın Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı, Orta Qaravənd və Alxanlı, Füzuli rayonunun Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə mülki insanları qəsdən hədəfə aldığını aydınlaşdırdığını qeyd edir. Vurğulayır ki, bu, beynəlxalq hüquq normalarının, xüsusilə beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının müvafiq müddəalarının kobud şəkildə pozulmasıdır.
Y.Adriansyah Ermənistanın beynəlxalq humanitar hüquq normalarını, BMT Nizamnaməsini pozduğuna və hərbi cinayətlər törətdiyinə görə mühakimə oluna biləcəyini də əlavə edib.

yap.org.az

Digər xəbərlər