"Minsk üçlüyü ilə biz irəli gedə bilmərik" ÖZƏL-MÜNASİBƏT

"Moskvada oktyabrın 11-də Ermənistan xarici işlər naziri Mnasakanyan ilə ortaq mətbuat konfransında Rusiya xarici siyasət idarəsinin rəhbəri Lavrov ATƏT-in çətiri altında Minsk qrupunun həmsədrlərinin yenidən münaqişənin həlli yollarının axtaracaqlarına davam edəcəyini bildirdi. Rusiyalı nazir həmçinin, mətbuat nümayəndələrinin ona ünvanladığı suala cavab olaraq açıq-aşkar Dağlıq Qarabağın gələcəyi ilə bağlı aparılacaq danışıqlarda Türkiyənin iştirakına etiraz etdi. Yeri gəlmişkən, həmin mətbuat konfransında erməni və rus jurnalistlərindən başqa heç kim yox idi. Münaqişə tərəflərindən biri olan Azərbaycan mediasının həmin brifinqdə iştirakına şərait yaradılmaması ilə iki erməni kökənli diplomat,görünür, bizim jurnalistlərinin sərt və obyektiv suallarından qaçmaq, Qarabağda ermənilərin hərbi cinayətlərini ört-basdır etmək istəyirdilər". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, erməni nazir də birmənalı şəkildə qeyd etdi ki, Türkiyənin danışıqlar prosesinə cəlb edilməsini mümkünsüz hesab edir: "Bu həyasız ünsürün arqumenti ondan ibarət oldu ki, Türkiyə Azərbaycanı haqq işində dəstəkləyir. Burada sual ortaya çıxır. Bəs Rusiyanın Ermənistana elədikləri nədir? Dəstək deyil? Rusiya,əslində,bu ölkənin gerçək sahibidir. Bunu bütün dünya bilir. Ölsəniz də, Türkiyə bu məsələdə sözünü deyir və deyəcək də! O cümlədən Minsk qrupunda! Azərbaycan Prezidenti də bu məsələdə israrlıdır. Türkiyə mütləq masa arxasında yanımızda olmalıdır. Necə ki, Fransa, Rusiya kimi ermənipərəst dövlətlər Ermənistanın yanındadırlər və onu nəinki dəstəkləyirlər, hətta onu təpədən dırnağa qədər silahlandırırlar. Minsk üçlüyü ilə biz irəli gedə bilmərik. Bu faktdır. Əgər doğrudan da,Minsk qrupunun həmsədrləri münaqişəni həll etmək istəyirlərsə, niyə işğalçı Ermənistanın BMT TŞ-nin qətnamələrində göstərildiyi kimi, torpaqlarımızdan qeri-şərtsiz çıxmasını tələb etmirlər? Niyə erməni hərbi-siyasi rəhbərliyinin birbaşa göstərişi ilə təcavüzkar ölkənin ərazisindən mülki əhalimizin,qeyri-hərbi hədəflərin vurulmasına göz yumurlar. Onların bu mövqeyindən və cavabsızlığından cəsarətlənən ermənilər yeni müharibə cinayətlərinə əl atırlar.Beynəlxalq təşkilatları hərəkətə gətirmək üçün diplomatik, siyasi və hərbi imkanlarımızı səfərbər etməliyik. Azərbaycan Xarici İşlər nazırliyi ilk növbədə ATƏT-in Minsk qrupunun təcili Zirvə toplantısının keçirilməsini tələb etməli və buna nail olmalıdır. Çünki BMT-nin münaqişənin tənzimlənməsi ilə bağlı qətnamələrinin icrası məhz Minsk qrupuna həvalə edilmişdir. Bu qrup təkcə ABŞ, Rusiya və Fransadan ibarət deyil. Münaqişə tərəflərindən başqa sözügedən təsisatda Türkiyə, Belarusiya, Almaniya, İtaliya, İsveç, Finlandiya da daxildir. Minsk qrupunun Sammiti ilk növbədə, Ermənistanın xalqımıza qarşı cinayətlərinə qiymət verməli, işğalçını torpaqlarımızdan çıxarmaq üçün təcili tədbirlər görməlidir. Tərəflər arasında danışıqlar prosesi yalnız bundan sonra baş tuta bilər. Azərbaycan Minsk qrupunun idarə olunması üçün həmsədrlik institutunun daimi deyil,rotasiya qaydasında formalaşmasına,yaxud indiki formata Türkiyənin əlavə edilməsinə səy göstərməlidir. Hər kəs başa düşür ki, hazırkı dönəmdə, indiki geosiyasi hadisələr fonunda bu asan iş deyil. Lakin asan olan nə var ki? Həlli mümkün olmayan problem yoxdur. Sadəcə,qollarımızı çırmalayıb fəaliyyətə başlamalıyıq. Cəbhədəki əsgərimizin fədakarlıqlarını diplomatlarimiz öz sahələrində təkrarlamalıdırlar".

sia.az