Avstraliya saytı: Azərbaycan Ermənistanın neft və qaz boru kəmərlərinə hücumun cavabının çox sərt olacağını bildirib

Azərbaycan Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Ermənistanın onun neft və qaz kəmərlərinə hücumunun cavabının çox sərt olacağını bildirib.Bu barədə oktyabrın 14-də Avstraliyanın “SBS News” portalı məlumat yayıb.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Haber Türk” telekanalına müsahibəsindən sitat da yer alıb: “Ancaq əgər Ermənistan bu çirkin planları, yəni, boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlar üçün cavab çox ağır olacaq. Biz bu barədə artıq xəbərdarlıq etmişik”.
Yazıda Azərbaycanın mülki obyektlərini hədəfə alan Ermənistanın hərbi obyektlərinin məhv ediləcəyi barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına da yer verilib.
Bununla yanaşı, məlumatda Azərbaycan Müdafiə Nazirliyinin erməni qüvvələrinin təmas xəttində yeni hücumları, həmçinin Tərtər, Ağdam və Ağcabədi rayonlarının artilleriya atəşinə tutulması barədə məlumatı da əksini tapıb. Bildirilib ki, həmin hücumlar nəticəsində bir neçə mülki vətəndaş həlak olub və yaralanıb. Yaralananlar arasında jurnalistlər də var.
Avstraliyalı oxuculara, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilib.

yap.org.az