Müşfiq Cəfərov: Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan Azərbaycana qarşı faşist siyasətini davam etdirir

“Ermənistan hər zaman müharibə meydanındakı məğlubiyyətinin heyfini dinc əhalidən çıxıb. Bu, birinci Qarabağ müharibəsində də belə olub. İşğalçı ölkə 1992-ci ildə Xocalıda törətdiyi qətliamı bu gün Gəncədə həyata keçirir. Ermənistan nəinki müharibə cinayətləri törədir, birbaşa dövlət səviyyəsində terror həyata keçirir. Mənfur qonşularımızın əsas məqsədlərindən biri də xalqımızın iradəsini sındırmaqdır. Bunu bacara bilmədikcə, daha da quduzlaşan düşmən hər dəfə daha çox mülki insana zərər yetirir”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, Ermənistan ordusunun zəifliyi müharibənin ilk günlərindən ortaya çıxdı. Bu səbəbdən də düşmən xaricdən muzdlu döyüşçülər gətirərək döyüşlərə cəlb edir. Görünən odur ki, qarşı tərəf müharibənin coğrafiyasını genişləndirməyə çalışır. Müxtəlif ölkələrdən terrorçu qruplaşmaların üzvlərini münaqişə bölgəsinə cəlb edən, Gəncə və Mingəçevir kimi böyük şəhərlərimizi hədəfə alan düşmən məqsədinə nail ola bilmir. Azərbaycan onların hiyləsini çox yaxşı anlayır və heç bir vəchlə hərbi əməliyyatların istiqamətini dəyişmək istəmir. Biz öz torpaqlarımızdan işğalçını qovub təmizləmək istədiyimiz halda, onlara digər bölgələrimizdə terror aktları, müharibə cinayətləri törədirlər. Bu, bütün dünyada qəbul olunmuş hüquq və azadlıqların, bəşəri dəyərlərin, humanitar hüquq normalarının, müharibə qaydalarının açıq-aydın pozulmasıdır. Müharibənin aparılmasının da öz qaydaları var. Lakin düşməndə bu anlayışlar yoxdur. Biz regionda sülhün, təhlükəsizliyin, iqtisadi-siyasi rifahın tərəfdarıyıq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında daim qeyd edib ki, Ermənistan region üçün çox böyük təhlükədir.
Millət vəkili söyləyib ki, artıq Azərbaycan status-kvonu ləğv etdi. Prezident İlham Əliyev hər zaman vurğulayırdı ki, status-kvo mümkün qədər tez bir zamanda dəyişdirilməli, ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olmalıdır. Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə açıq bəyanat yayıblar. ATƏT-in sədri də status-kvonun dəyişdirilməli olduğunu çox açıq şəkildə bəyan etmişdi. Bu status-kvonun dəyişdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasına başlanması deməkdir. Bunu bu gün Azərbaycan özü həyata keçirir.
“Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq müstəqilliyimizin ilk illərində humanitar fəlakətlə üzləşmişdik. Həmin dövrdə sayı 8 milyon olan əhalinin bir milyonu ev-eşiyindən didərgin düşmüş, məcburi köçkünə çevrilmişdi. Beynəlxalq hüquq münaqişə və müharibə vəziyyətində insan hüquqlarının müdafiəsinin əsas elementlərini və onun icra mexanizmlərini ətraflı tənzim edib. Müstəqillik illərində Azərbaycanda bu istiqamətdə zəruri normativ-hüquqi aktlar qəbul edilib, mexanizmlər yaradılıb, tədqiqatlar aparılıb, bir sıra məsələlərə aydınlıq gətirilib. Lakin Ermənistan bu normativ hüquqi aktların heç birinə məhəl qoymadan Azərbaycana qarşı faşist siyasətini davam etdirir. Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik. Qarabağ Azərbaycandır!”, - deyə M. Cəfərov vurğulayıb.

yap.org.az