Anar Məmmədov: Cəbhədəki məğlubiyyət Paşinyan iqtidarına olan inamı heçə endirib

“Birinci Qarabağ müharibəsindən etibarən Azərbaycanın və Azərbaycan ordusunun inkişafı göz qabağındadır. Belə demək mümkündür ki, fərq müqayisə edilməyəcək qədərdir. Ermənistan isə I Qarabağ müharibəsində olduğu kimi indi də öz faşist mahiyyətini dəyişə bilməyib. İşğalçı Ermənistan və onun cinayətkar ruhlu rəhbərliyi cəbhədəki məğlubiyyəti, minlərlə hərbçinin, yüzlərlə hərbi texnikanın ordumuz tərəfindən məhv edilməsini özlərinin terrorçu, qeyri-insani və vəhşi xarakterli vərdişləri ilə unutmağa çalışırlar. Bunun nəticəsidir ki, bu gün açıq döyüş meydanında Ermənistan özünün gücsüzlüyünü və acizliyini bir daha dərk etdikdən sonra yenidən terrora əl atmaqdadır”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, ciddi məğlubiyyətə uğrayaraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusu artıq bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Ordunun şəxsi heyəti arasında ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Ölkədə və orduda mövcud vəziyyət Nikol Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Bununla da işğalçı ölkədə cəbhədəki məğlubiyyət Paşinyan iqtidarına olan inamı heçə endirib və bu reallıq açıq şəkildə üzə çıxmağa başlayıb.
“Bu gün ölkədə və orduda mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyub və belə bir vəziyyətdə Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğunu bəyan etməlidir. Əks təqdirdə nəticələr onun üçün çox ağır olacaq və müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bir həmlədə torpaqlarımızı işğaldan azad edəcək, xalqımızı şanlı qələbələrlə sevindirəcək”-deyə, deputat qeyd edib.

yap.org.az