Sədaqət Vəliyeva: Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi

“Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarının bir sıra şəhər və kəndləri işğaldan azad olundu. Bu gün də bu proses davam etməkdədir. Bu, Azərbaycan Ordusunun müqəddəs xilaskarlıq missiyası olsa da, eyni zamanda beynəlxalq hüququn da təmin edilməsidir. Çünki ötən 24 gün ərzində rəşadətli Azərbaycan Ordusu BMT TŞ-nin 1993-cü ilin 14 oktyabr tarixində qəbul etdiyi 874 saylı, eləcə də 1993-cü ilin 12 noyabr tarixində qəbul etdiyi 884 saylı qətnamələrini icra edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir: “Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı. Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Ən maraqlısı da odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həm-sədr ölkələrin yadından çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmur. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır”.
Sədaqət Vəliyeva əlavə edib ki, 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Beləliklə də, bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir.

yap.org.az