Vitse-spiker Adil Əliyevin alman portalında məqaləsi dərc olunub

“Nex24.news” xəbər portalında Milli Məclisin Sədr müavini Adil Əliyev müəllifliyi ilə “Ermənistan 28 ildir ki, azərbaycanlı mülki əhalini qətlə yetirir” adlı məqalə dərc edilib (https://nex24.news/2020/10/adil-alijew-armenien-toetet-seit-28-jahren-aserbaidschanische-zivilisten/).Xəbər verilir ki, məqalədə bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı təcavüzə başladığı bildirilir. Həmin tarixdən etibarən Ermənistan Azərbaycanda mülki əhalinin yaşadıqları evləri hədəfə alır. Cəbhə xətti ilə heç bir əlaqəsi olmayan və ondan uzaqda yerləşən Gəncə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslər həyatlarını itirib.Eyni zamanda, bir sıra mülki obyektə, evlərə və körpülərə ciddi ziyan dəyib. Gəncə şəhərinə qarşı təcavüzlə yanaşı, Mingəçevir şəhərinə də raket hücumu olub. Bütün bunlar Ermənistan tərəfindən atəşkəs dövründə həyata keçirilmiş ilk müharibə cinayətləri deyil. Belə ki, cari ilin iyul ayında da Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz edilib. Ermənistanın regionda təcavüzkar siyasət həyata keçirməsi sülhə qarşı ən böyük maneədir. 1949-cu il tarixli Cenevrə konvensiyaları Ermənistan tərəfindən kobudcasına pozulub. BMT-nin 4 qətnaməsinin heç biri Ermənistan tərəfindən bu vaxta qədər icra edilməyib.

sia.az