Siyasət

  • 6 253

Əhliman Əmiraslanov: Cinayətkar və dünyaya yalan danışan Paşinyan hakimiyyəti Ermənistanın sonunu yaxınlaşdırır

image

“Prezident İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycan münaqişə dövründə bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və problemin həlli üçün hüquqi baza hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək əksini tapıb. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Ancaq 30 ilə yaxın səbir nümayiş etdirən xalqımız artıq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir, işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq zəbt edilmiş digər ərazilərdən çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələri 30 ildir ki, kağız üzərində qalıb. Ermənistan beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və yeni ərazilər ələ keçirmək yolunu tutdu. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini dəfələrlə vurğulayıb. Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Ən maraqlısı da odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar BMT-nin və həmsədr ölkələrin heç yadına da düşmürdü. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda, onlar həmin sənədlərə belə toxunmurdu. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır.
Komitə sədri qeyd edib ki, 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğalçılardan təmizləməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu beynəlxalq hüququn kağız üzərində olan ədalətini əməldə təmin edir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur. Təəssüf ki, Ermənistan öz çirkin niyyətlərini hələ də davam etdirir. Dinc mülki əhaliyə qarşı raket hücumu namərdlikdir və müharibə cinayətidir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Gəncədə hadisə yerində olarkən yaralılara baş çəkdik. XXI əsrdə dəhşətli mənzərənin şahidi olduq. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını görməkdədir. Gecə vaxtı qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin təcəssümüdür. Bu gün yenə də Ermənistanın Azərbaycan münaqişə zonasından xeyli uzaqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarını ballistik raket atəşinə tutub. Bu cinayətkar hücum erməni baş nazir Paşinyanın münaqişənin diplomatik həllinin olmadığına dair bəyanatının davamıdır. Cinayətkar və dünyaya yalan danışan Paşinyan hakimiyyəti Ermənistanın sonunu yaxınlaşdırır. Xalqımız əmindir ki, milli birlik və həmrəyliyimizlə qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaranıb və Azərbaycanın torpaqlarının qaytarılması, ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.

yap.org.az

Digər xəbərlər