Siyasət

  • 5 589

Sevinc Fətəliyeva: Bu şəraitdə Minsk qrupunun Ermənistan tərəfini işğal olunmuş ərazilərimizi tərk etməyə vadar edəcəyinə ümid edirik

image

“Azərbaycan bütün tərəflərin maraqlarına cavab verən və dövlətlərin suveren işlərinə qarışmamaq və terrorizmin bütün formalarına qarşı effektiv şəkildə mübarizə prinsiplərinə əsaslanan qlobal və regional təhlükəsizlik sisteminin formalaşdırılmasını daima müdafiə edib. Bu gün beynəlxalq təhlükəsizliyə ən böyük problemin planetin müxtəlif yerlərində vəziyyəti gərginləşdirən müxtəlif regional münaqişələr olduğunu xatırlatmaq yerinə düşər. Artıq 30 ildir ki, Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyə daimi təhlükə yaradan erməni təcavüzü ilə üz-üzədir. Bildiyiniz kimi, Ermənistan qoşunlarının Azərbaycana qarşı təxribatlarının uzun müddətdir davam etməsi və 25 ildən artıq davam edən danışıqlar prosesində irəliləyişin olmaması nəticədə münaqişənin açıq silahlı qarşıdurmaya keçməsinə səbəb oldu”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şanxay Əməkdaşlıq Təşkilatının “İnsanlar üçün iqtisadiyyat” mövzusunda videokonfrans formatında keçirilən beynəlxalq partiyalararası Forumda çıxışı zamanı deyib.Forumda “Qlobal sabitlik, ortaq təhlükəsizlik maraqları naminə və müstəqil dövlətlərin suveren işlərinə müdaxiləyə qarşı tərəfdaşlıq” mövzusunda çıxış edən Sevinc Fətəliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi barədə məlumat verib və bildirib ki, bu təcavüz nəticəsində ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğalı nəticəsində yaranan status-kvo, regional siyasətdə əsl rudimentə çevrildi: “Bu vəziyyətin Azərbaycan tərəfi tərəfindən qəbul edilməməsinə və ATƏT-in Minsk Qrupunun status-kvonun uzun müddət qorunub saxlanmasına dair narahatlığına baxmayaraq, Ermənistan tərəfi bütövlükdə danışıqlar prosesinin səmərəliliyini şübhə altına alaraq destruktivlik nümayiş etdirməyə davam etdi. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən və sülh prosesinin həyata keçirilməsinə şərait yaratmasını tələb edən dörd qətnaməsində yer alan tələblərə məhəl qoymamağa davam etdi. İrəliləyişin müşahidə olunmadığı danışıqlar prosesindən fərqli olaraq, hərbi-siyasi vəziyyət ilbəil kəskinləşməkdə idi. İlk ciddi toqquşma 2016-cı ilin aprelində baş verdi, o zaman Azərbaycan ordusu, Ermənistan tərəfinin növbəti təxribatına cavab olaraq cəbhə xəttində əks hücuma başlayaraq ərazilərinin 2000 hektarını azad etdi. Etiraf etmək lazımdır ki, məhz aprel döyüşlərindən sonra danışıqlar prosesi xeyli dərəcədə intensivləşdi. ATƏT-in Minsk qrupunun, xüsusən Rusiya tərəfinin fəal iştirakı ilə Vyana və Sankt-Peterburqda danışıqlar aparıldı, münaqişənin həllinə yeni yanaşmalar işlənib hazırlandı. Lakin danışıqlarda qeydə alınan irəliləyiş, ilk növbədə, Ermənistan tərəfinin mövcud vəziyyəti dəyişdirmək istəməməsi səbəbindən yenə də nəticə vermədi. Ermənistanda dağıdıcı proseslər və xarici qüvvələri müdaxiləsi nəticəsində N.Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumətin hakimiyyətə gəlməsi ilə Ermənistandakı vəziyyətin getdikcə daha gözlənilməz xarakter alması yalnız Dağlıq Qarabağ münaqişəsi zonasında deyil, bütövlükdə Cənubi Qafqaz bölgəsində vəziyyətin destabilləşməsi təhlükəsi yaratdı. Ermənistanda böyüməkdə olan böhranın özü münaqişə bölgəsindəki vəziyyətə mənfi təsir göstərdi”.

S.Fətəliyeva diqqətə çatdırıb ki, danışıqlarda heç bir irəliləyişin olmaması və Ermənistan rəhbərliyinin destruktiv hərəkətləri şəraitində vəziyyətin inkişafı üçün hərbi ssenari getdikcə qaçılmaz oldu. Ermənistan baş nazirinin "Qarabağ Ermənistan və nöqtədir" ifadəsi İrəvanın heç bir halda Azərbaycana ərazi iddialarından əl çəkməyəcəyinə işarə oldu. Son vaxtlar Ermənistanın populist hökuməti, çətin daxili siyasi və iqtisadi vəziyyətlə əlaqədar ictimaiyyətinin diqqətini daxili siyasi proseslərdən yayındırmaq üçün sərhəddə və cəbhə xəttində dəfələrlə təxribatlar həyata keçirdi.
Onun sözlərinə görə, 27 sentyabr 2020-ci ilədək hərbi-siyasi müstəvidə vəziyyət ən kəskin həddə çatdı: “27 sentyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinin növbəti dəfə atəşə tutulmasına cavab olaraq, Azərbaycan tərəfi öz əhalisini erməni işğalı qüvvələrinin hərəkətlərindən qorumaq üçün Dağlıq Qarabağ münaqişəsi zonasında bütün cəbhə xətti boyunca genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Ancaq bu çətin şərtlərdə belə Azərbaycan tərəfi Rusiya Prezidenti Vladimir Putinin şəxsi təşəbbüsünə cavab verdi və Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlarda xarici işlər naziri Ceyhun Bayramovun iştirakını təmin etdi. 10 saat davam edən danışıqlardan sonra ortaq bəyanatın mətni böyük çətinliklə razılaşdırıldı və humanitar atəşkəsə dair razılaşma imzalandı. Lakin Ermənistan bir neçə saat sonra onu kobudcasına pozaraq döyüş bölgəsindən on kilometrlərlə uzaq məsafədə yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin yaşayış məntəqələrinə raket zərbəsi endirdi. Dinc sakinlər öldürüldü, yüzlərlə insan yaralandı. Tərəflər müvəqqəti atəşkəs barədə yenidən razılığa gəldikdən sonra Ermənistan yenidən hərbi hədəfin olmadığı Gəncəyə öz ərazisindən kaset bombaları ilə təchizatlanmış Skad raket sistemindən zərbə endirdi. Bu, 1 Avqust 2010-cu il tarixində qüvvəyə minən Kasetli Silahların Qadağan Edilməsi haqqında Konvensiyanın kobud şəkildə pozulması idi.
Beləliklə, Ermənistan tərəfi Azərbaycanı cavab atəşinə təhrik edərək Rusiyanın sülhməramlı səylərini iflasa uğratmağa çalışır. Bu, danışıqlar prosesini xeyli çətinləşdirir. Bu ərəfədə Baş nazir N.Paşinyan münaqişənin həlli üçün diplomatik səyləri davam etdirməyin heç bir mənası olmadığını söyləyərək sülh yolu ilə nizamlanmanın gələcəyini təhlükə altına qoydu.
Bu şəraitdə Minsk qrupunun sağlam düşüncəsi və səylərinin Ermənistan tərəfini yeganə düzgün qərarı verməyə, beynəlxalq hüququn tələbini yerinə yetirməyə və yeni qurbanlardan qaçaraq işğal olunmuş əraziləri tərk etməyə vadar edəcəyinə ümid edirik”.

yap.org.az

Digər xəbərlər