Siyasət

  • 5 554

Azərbaycan yumruğunun gücü!

image

Dünya yarandığı gündən bu günə kimi xalqların varoluş və inkişaf səbəblərindən ən başlıcası həmin xalqın tarixindəki liderləri və xalqın birliyidir. Bu zamana qədər hər zaman ürəklə, düşünərək dediyimiz xalq-iqtidar birliyi haqqında bugün daha böyük qürurla söhbət açırıq. Bu birliyin qarşısında artıq heç nə dayana bilmir.

Təsadüfi deyildir ki, istər müxtəlif sosial şəbəkələrdə, istərsə də elə real həyatda, götürək elə 20-dən çox xalqın nümayəndəsinin yaşadığı Quba rayonunda cənab Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyəti, hər sözü sonsuz sevilir, etimad duyulur, illərdir dövlətimiz, dövlət başçımız tərəfindən yürüdülən uğurlu daxili və xarici siyasətin nəticələrinə təkcə xalq deyil, dünya da şahid olur.
Həqiqətən də bu Vətən müharibəsində, bu haqq mübarizəmizdə bizim əsas gücümüz birliyimizdir.Bu gücün qarşısında mənfur düşmən tab gətirmir, gətirməyəcək də! Çünki mənfur düşmənin hiylələrinə qarşı cənab Ali Baş Komandanın qətiyyəti, Rəşadətli Azərbaycan Ordusunun gücü, xalqın vətənə olan sevgisi dayanır. Bütün bunlar isə Azərbaycanın gücünü ortaya qoyur, dünyada və regionda yeni dönüş nöqtəsi yaradır, sanki Azərbaycan yumruğunun gücü xalqımızı Böyük Qayıdışa hazırlayır.
İstər Azərbaycanda, istərsə də dövlət sərhədlərindən kənarda doğulmağımızdan asılı olmayaraq biz azərbaycanlıların bir müqəddəs and yeri var:Vətən!Azərbaycan Respublikası! Bugün bu müqəddəs torpaqların azadlığı uğrunda səngərdə mənfur düşmənə qarşı döyüşən əsgərlərimizə canımızı qurban deyirik, doğma torpaqların azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin ruhu, onları Vətənə əmanət böyüdən valideynlərinin qarşısında isə baş əyirik.
Ölüm əslində bütün canlı varlıqlara xasdır. Lakin şərəfli ölüm isə hamıya qismət olmur. Hazırda çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında rəhbərliyin təşəbbüsü ilə 2019-cu ilin noyabr ayında Milli Qəhrəman Çingiz Qurbanovun anım tədbiri keçirildi.Tədbirdə çıxış edən Çingiz Qurbanovun atasının gözlərindəki qürur, sözlərindəki Vətən sevgisi gənclərə, hamımıza elə təsir etdi ki, qəlbimizdə həmin anda sadəcə bir arzu oyandı: “Kaş ki, bizlərin də valideynləri bizlərlə belə fəxr edəydi,kaş ki, bizlər də müqəddəs Vətən üçün nə isə edə bilərdik, canımızı, son damla qanımızı verə bilərdik!” Bu arzu ilə yaşayan gəncliyi, Vətən eşqi ilə döyünən ürəkləri, Vətəni and yeri bilən insanları isə yenmək, bu gücə qarşı gəlmək olmaz. Mütləq uğur, zəfər bizlərlə olacaqdır. Uğurun isə bir sirri var:
“Bir gün bir cavan oğlan Sokratdan uğurun sirrini soruşdu. Sokrat ona sabah çayın sahilində görüşməyi dedi.Onlar görüşdülər.Sokrat ona arxası ilə çaya doğru gəlməyi dedi.Su getdikcə boğazlarına qədər çatırdı və elə həmin anda Sokrat oğlanı başından qəfildən tutdu və onun başını suya salmağa başladı.Oğlan suda çırpınırdı,ancaq Sokrat güclə onu rəngi göy olana qədər suda saxladı. Sokrat qəfildən oğlanın başını sudan çıxartdı.Oğlanın birinci edəcəyi şey başını qaldıran kimi havanı dərindən udub ağciyərlərinə çəkmək oldu.Sokrat soruşdu:”Sən suda olanda ən çox istədiyin şey nə idi?”Oğlan cavab verdi :”Hava”.Sokrat dedi:”Bax bu uğurun sirridir.Nə vaxt ki sən uğur qazanmağı hava istədiyin qədər dərindən istəsən onda onu əldə edəcəksən”
Bizlər – yəni bütün azərbaycanlılar üçün də, yaşımızdan, milli mənsubiyyətimizdən, cinsimizdən, sosial statusumuzdan asılı olmayaraq Vətən torpaqlarının işğaldan, mənfur düşmən tapdağından azad olması hava qədər vacibdir. Elə buna görə də qələbə artıq çox yaxındadır. Cənab Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi: “Biz mütləq zəfər çalacayıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

AYSEL ŞEYDAYEVA
YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri

yap.org.az

Digər xəbərlər