Siyasət

  • 5 402

"Azərbaycan hərbi və siyasi müstəvidə qalibdir" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Ordusunun inamlı qələbələri fonunda ölkəmizə qarşı təzyiqlərin artacağı gözlənilən idi. Əslində, bu təzyiqlərə Ermənistanın təxribatı nəticəsində müharibənin başladığı ilk gündən start verilmişdi. Ordumuzun müharibənin birinci günündə imza atdığı qələbələr, düşmənin illərdir hördüyü müdafiə xəttini dərhal yarması təzyiqlərin başlanması üçün yetərli olmuşdu. Ermənistanın baş naziri Nikol Paşinyanın həmsədr ölkələr-Rusiya və Fransa rəhbərliyinə yalvarış dolu zənglərinin ardı-arası kəsilmirdi; Azərbaycanı durdurmaq üçün hərəkətə keçilmişdi. Amma Azərbaycan Prezidenti İlham Əliyev bu təzyiqlərə böyük əzmlə sinə gərərək haqq işimizi davam etdirdi və torpaqlarımızın mühüm hissəsi işğalçılardan təmizləndi". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.Onun sözlərinə görə, bu təzyiqlərin ardı-arası kəsilmir, indi də yeni müstəvidə davam etdirilməkdədir: "Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” bəyanatını səsləndirən Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Bu davamlı yalvarışların nəticəsi o olub ki, ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrləri 25 oktyabr tarixində bəyanat qəbul ediblər.ABŞ rəsmilərinin, Minsk Qrupunun bəyanatlarının ümumi məğzi odur ki, bu gündən yenidən humanitar atəşkəs başlayır. Eyni zamanda, vurğulanır ki, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə yenidən bir araya gələrək, razılaşdırılmış vaxt cədvəlinə müvafiq olaraq, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazım olan bütün addımları müzakirə etmək və həyata keçirməyə başlamaq barədə razılığa gəliblər.Azərbaycan cəmiyyətinin bu tipli bəyanatları böyük qəzəblə qarşılaması təbiidir. Çünki cəmiyyət həqiqətən 30 ilə yaxındır nəticəsiz danışıqlardan o qədər iyrənib ki, bu sözün olduğu bütün mətnlərin adını belə eşitmək istəmir. Məhz həmsədr ölkələrin fəaliyyətsizliyi Ermənistanın illərdir silahlanmasına, hər türlü təxribatlara əl atmasına gətirib çıxarıb.Bu, birmənalıdır ki, Azərbaycan cəmiyyəti, ölkənin siyasi rəhbərliyi yenidən mənasız danışıqları heç bir halda qəbul etməyəcək. Xalqın iradəsini böyük mətnlə gerçəkləşdirən prezident İlham Əliyevin dəyişməz mövqeyi ortadadır: “Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz ildir bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür”.Diqqət ediləsi digər məqam odur ki, burada söhbət davamlı atəşkəsdən deyil, yenə də humanitar atəşkəsdən gedir. O humanitar atəşkəsdən ki, bundan əvvəl 2 dəfə Rusiya və Fransanın təşəbbüsü ilə 10 və 17 oktyabr tarixlərində baş tutub. Amma hər iki atəşkəs düşmənin Gəncə, Tərtər, digər ərazilərdə gerçəkləşdirdiyi xain təxribatlarla pozulub. Düşmən sivil insanlara hücum etməklə hərbi cinayət törədib və böyük faciələr yaşanıb. Hazırkı humanitar atəşkəsin pozulması ilə bağlı artıq xəbərlər gəlir. Ermənistan humanitar atəşkəs razılaşmasına bu dəfə də məhəl qoymur.Fakt ondan ibarətdir ki, indinin özündə də Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Azərbaycan Ordusu yenə düşmənə qətiyyətli cavab vermək əzmindədir və müharibənin nəticələri ortadadır: bir tərəfdə hərbi və siyasi müstəvidə qalib Azərbaycan, digər tərəfdə hər mənada dilənən, ayrı-ayrı ölkələrə yalvaran Ermənistan...Digər diqqət ediləsi mühüm məqam odur ki, 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənibmiş. Azərbaycan tərəfi qətiyyətli mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail olub. Bəyanatda öz əksini tapan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu isə o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu özündə ehtiva edir. Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir.Deməli, həmsədrlərin bəyanatında yer almış məqamların hələ geniş şəkildə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac vardır.Nəticə odur ki, Azərbaycan hərbi və siyasi müstəvidə qalibdir. Baza prinsiplərini yaxın buraxmayan Paşinyan artıq kompromislərdən danışır. Acınacaqlı durumda olan ölkəsinin xilası üçün dönə-dönə yalvaran da Ermənistan hakimiyyətidir. Düşmən ölkənin Azərbaycan qarşısında duruş gətirmədiyini 30 ilə yaxındır nəticəsiz danışıqların müəllifi olan həmsədr ölkələr də yaxşı dərk edir. Və Ermənistanı xilas etmək üçün düyməyə basılıb. Bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı baş verənlər təzyiqlərin bir elementi idi. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini yaxın buraxmırdılar. Nəticə isə o oldu ki, bəyanat layihəsi məhz Azərbaycanın diplomatik gedişi nəticəsində qəbul edilmədi.Dünya, münaqişənin həllinə məsuliyyət daşıyan ölkələr nəhayət anlamalıdırlar ki, Azərbaycan bir halda hərbi prosesin dayanmasına razı olacaq: Ermənistan işğala son verərsə, Azərbaycan torpaqlarını tərk edəcəyi barədə tarixləri özündə ehtiva edən razılaşmaya gedərsə.Ermənistanın təəssübünü çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın müddətdə torpaqlarımızı işğalda saxlamağa Ermənistana kömək edən ölkələr ədalətli mövqe tutmalıdırlar. Azərbaycana yox, məhz beynəlxalq hüququ, bütün razılaşmaları ayaqlayan Ermənistana təzyiq göstərilməlidir!Azərbaycanın başını qatıb, Ermənistanın yenidən silahlanmasına xidmət edən bütün variantlar keçərsizdir.Azərbaycan xalqının, Prezident İlham Əliyevin iradəsi ortadadır və bu iradəyə heç bir qüvvə təsir edə bilməyəcək. Münaqişənin bir həll yolu var: Azərbaycanın ərazi bütövlüyü qısa müddətdə təmin olunmalıdır. Bu, danışıqlar yolu ilə çözülmürsə, müharibəni durdurmaq mümkün olmayacaq...".

sia.az

Digər xəbərlər