Siyasət

  • 5 290

Malik Həsənov: Azərbaycan ədaləti bərpa edir, dünyanın yeni xarici siyasətini formalaşdırır

image

“Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə malikdir, beynəlxalq hüququ təmin edir. Dövlətimizin başçısı İlham Əliyevin dünya ölkələrinin televiziya kanallarına, digər mətbu orqanlarına müsahibələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı, bugünədək ölkəmizin istər xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, istərsə də demokratik islahatlar sahəsinə ikili standartlara əsaslanan yanaşmanın əsl mahiyyətinin, eyni zamanda, istər region, istərsə də dünya dövlətlərinin münasibətlərinin açıqlanmasında yardımçı olur. Beynəlxalq münasibətlərdə hüquq problemi yaşandığı, qərar və qətnamələrin zaman və məkana görə tətbiq edildiyi, güc amilinin ön plana çıxdığı bir daha təsdiqlənir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənovun sözlərinə görə, möhtərəm Prezidentimiz İlham Əliyevin oktyabrın 26-da xalqa müraciətində də qeyd etdiyi kimi, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Sual doğuran bu məqamlara diqqət yetirsək görərik ki, böyük dövlətlər beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Azərbaycan beynəlxalq hüquqdan kənar bir addım belə atmır. Beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Azərbaycan haqq yolundadır, ədaləti bərpa edir.
“Bu gün işğalçı dövlət heç bir sahədə Azərbaycanla müqayisə oluna bilməz. Baxmayaraq ki, dövlətimizin başçısı İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində jurnalist erməni lobbisinin güclü təsirində olduğunu açıq-aşkar büruzə verərək Ermənistanın hərbi təxribatlara başlaması səbəblərini qüdrətli, güclü, davamlı inkişafa, demokratiya təcrübəsinə malik Azərbaycana aid etməyə çalışaraq erməni təbliğatına uyğun şəkildə ölkəmizin imicinə zərbə vuracağını düşündü. Amma ölkə Prezidentimizin bir daha yüksək intellekt, diplomatik məharət nümayiş etdirərək verdiyi cavab əsl dərs oldu. Bildirdi ki, hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Jurnalistin suallarının arxasında erməni məkrinin, xislətinin gizləndiyini görməmək mümkünsüz deyildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin son bir ayda müsahibələrində yer alan sualların mahiyyətinə diqqət yetirdikdə Ermənistanın və onun havadarlarının illərdir apardıqları qərəzli kampaniyanın detallarını görürük. Xalqımızı düşündürən belə məkrli, məqsədli suallar deyil, onların cənab İlham Əliyevin səbir və təmkinlə, real faktlara əsaslanaraq cavablandırması, Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etməsi, haqq səsimizi bir daha dünyaya çatdırmasıdır. Möhtərəm Prezidentimiz hər zaman istər Ermənistana, istərsə də ona dəstək verən dövlətlərə ünvanladığı mesajları, verdiyi tarix və siyasət dərsləri ilə ölkə ictimaiyyətini qürurlandırır”- deyə, millət vəkili bildirib.
M.Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində Qarabağ tarixindən geniş bəhs edərək bu reallığı diqqətə çatdırmışdır ki, 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünya ictimaiyyətində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqlarımız işğal altında olsa da, Azərbaycana qarşı sanksiyalar tətbiq edilmiş və onlar bu günə qədər qüvvədədir.
“1992-ci ildə Azərbaycana qarşı “Azadlığa Dəstək Aktına” ədalətsiz 907-ci düzəlişin tətbiqi erməni lobbisinin yalanlarının ayaq tutduğu zamanlar idi. Düzəliş guya Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokada”sını dayandırmaq məqsədilə ABŞ Konqres tərəfindən qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yarardılan informasiya blokadasının yarılması oldu və düşünülmüş, məqsədyönlü siyasət nəticəsində buna nail olmuşdur. Azərbaycanın diplomatik uğurları, eyni zamanda, 2001-ci ildə ABŞ-da baş verən terror aktı ABŞ-ın xarici siyasətində dəyişiklik etməsini şərtləndirdi. ABŞ hökuməti 907-ci düzəlişin ədalətsizliyini təsdiqləyərək qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul etdi. Bu fakt inkaredilməzdir ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi, ABŞ da işğalçı dövlətə maddi və mənəvi dəstək göstərir. Məsələni daha da dərinləşdirən amillərdən biri bugünədək ABŞ Konqresinin Ermənistana və qondarma “Dağlıq Qarabağ respublikası”na demokratiyaya dəstək adı altında birbaşa maliyyə yardımlarını davam etdirməsi, münaqişənin həllində seyrçi mövqedə dayanaraq vasitəçilik missiyasına inamsızlığın artmasıdır”- deyə, Malik Həsənov qeyd edib.
“Azərbaycan dövləti hər zaman bəyan edir ki, bizim imitasiya naminə danışıqlar aparmaq fikrimiz yoxdur, sülh danışıqları səmərə vermədiyi təqdirdə Ordumuz öz sözünü deyəcək, tarixi missiyasını layiqincə yerinə yetirəcək” söyləyən millət vəkili onu da vurğulayıb ki, sentyabrın 27-dən erməni təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu illərdir ATƏT-in Minsk qrupunun təmin edə bilmədiyi tarixi ədaləti bərpa edir.

yap.org.az

Digər xəbərlər