Siyasət

  • 4 912

Los-Ancelesdə erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirməsi ABŞ-ın yəhudi icmasında ciddi narazılıqla qarşılanıb

image

Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayevin Los-Ancelesdə erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirməsinə dair məqaləsi ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “Jewish Journal” qəzetində dərc edilib.

Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, məqalədə İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los-Ancelesdəki erməni lobbisi ötən həftə İsrailin baş konsulluğu qarşısında mitinq keçirdiyi qeyd edilib. Həmin mitinqdə İsrailə “Sizin nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı ünvanlanıb.
M.Yevdayev Ermənistanda antisemitizmin baş alıb getdiyini, nüfuzlu “Anti-Defamation League” yəhudi təşkilatının araşdırmasına əsasən, onun Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrikadan sonra üçüncü ən antisemit ölkə olduğunu qeyd edib.
Müəllif, həmçinin Ermənistanın İkinci Dünya müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlıq etmiş erməni general Qaregin Njdeni milli qəhrəman səviyyəsinə qaldırdığını, ona Yerevanda heykəl ucaltdığını və nasistlərə xidmət etmiş digər erməni general Drastamat Kanayanın adının da dövlət səviyyəsində əbədiləşdirildiyini bildirir. Los-Ancelesdəki aksiyanı keçirən Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) təşkilatının da vaxtilə məhz Q.Njde tərəfindən yaradıldığını diqqətə çatdırır.
M.Yevdayev, eyni zamanda, bir neçə gün əvvəl Ermənistanın Almaniyanın “Almaniya üçün Alternativ” Partiyasının neonasist üzvlərini Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etdiyini vurğulayır.
İcma sədri Ermənistanın bütün bu qanunsuz və insanlıqdan kənar hərəkətlərinin fonunda yəhudi, müsəlman və xristianların çiyin-çiyinə birgə xidmət göstərdikləri Azərbaycan Silahlı Qüvvələrinin mülki əhalimizi qorumaq və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək yolunda inamla irəlilədiyini bildirir.
ABŞ-ın ən böyük yəhudi təşkilatlarından olan və 400 min insanı özündə birləşdirən Simon Vizental Mərkəzi Melih Yevdayevin məqaləsini öz “Twitter” hesabından paylaşaraq, radikal erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirmək cəhdini iyrənc adlandırıb, Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə ərazisində xristianların və yəhudilərin hüquqlarının qorunduğunu, həmçinin İsraillə yaxşı münasibətlər qurulduğunu qeyd edib.

yap.org.az

Digər xəbərlər