İsa Həbibbəyli: Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub

“Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı mübarizədə Ermənistan ordusu və onun tərəfdarları ilə üz-üzədir. Sentybarın 27-dən etibarən Azərbaycanın 150-dən çox kənd və yaşayış məntəqəsinin azad edilməsi insanlarda müharibənin çox tezliklə qələbə ilə başa çatacağına böyük ümid yaradıb”. Bu fikirləri Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

İsa Həbibbəyli bildirib ki, qısa müddət ərzində Azərbaycanın üçrəngli bayrağı Şuşa qalasında və Xankəndində dalğalanacaq. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün döyüşlər apardığını xatırladan İ.Həbibbəyli qeyd edib ki, şanlı Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir.
“Bu gün Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində işğalçı ölkə böyük zərbələrlə, itkilərlə üzləşir. Azərbaycan xalqı isə ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcək”-deyə, akademik vurğulayıb.

yap.org.az