Siyasət

  • 5 043

Məşhur Məmmədov: Bərdədə törədilən terror bir daha Ermənistanın xislətini ortaya qoydu

image

“Bu gün biz müharibə zamanı insan hüquqları, uşaq hüquqları, habelə dinc, mülki şəxslərin günahsız yerə öldürülməsinin şahidi oluruq. Dünən də Bərdədə baş verənlər bir daha Ermənistanın xislətini ortaya qoydu”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov bildirib ki, ölkəmizdə akreditə olunmuş xarici nümayəndəliklər baş verənləri görməzlikdən gəlir: “Azərbaycan cəmiyyətində qəzəb və ikrah hissi doğuran onlarla günahsız uşaqlarımızın ölməsi, valideynsiz qalması kimi faktları əllərində əsas tutaraq xüsusi hesabatlar hazırlayıb dünyaya bəyan etməli olan nüfuzlu beynəlxalq təşkilatlar sadəcə susur. Eyni zamanda, erməni vəhşiliyinə biganə yanaşırlar. Bir çox hallarda birtərəfli, riyakar mövqe tuturlar, haqqı nahaqqa qurban verirlər. Təbii ki, bu cür halları təəssüf hissi ilə müşahidə edirik. Halbuki, həmin beynəlxalq təşkilatların Ermənistanda fəaliyyət göstərən nümayəndəlikləri Azərbaycandakılardan fərqli olaraq öz işlərini operativ və beynəlxalq qaydalara uyğun qurmağı yaddan çıxarmayıblar. Azərbaycana gələndə isə hər şey yaddan çıxır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar, habelə beynəlxalq institutlarla ilə səmərəli, işgüzar, qarşılıqlı münasibətlər yaradıb: “Onlara müəyyən olunmuş çərçivədən də artıq hörmətlə yanaşıb. Azərbaycanda akkreditə olunmuş bütün beynəlxalq təşkilatlar hər zaman Azərbaycan dövlətinin diqqətində olmuş və birgə əməkdaşlıq çərçivəsində qlobal, regional, milli hədəfləri nəzərdə tutan layihələri uğurla icra etmişlər. Azərbaycan dövləti demək olar ki, əksər beynəlxalq təşkilatların layihələrində donor qismində çıxış etmiş, istər institusional, istər təşkilati, istərsə də digər resurslarla hər zaman kömək göstərib. Bu gün BMT-nin Uşaq Fondu (UNICEF) dünyada uşaqlara qarşı olan zorakılığa, müharibədən əziyyət çəkən uşaqlara dair bütün cinayət faktorlarını qeydə alır və illik hesabata salır. Lakin, UNICEF-in Azərbaycanda akkreditə olunmuş nümayəndəliyinin bu istiqamətdə fəaliyyətini əks etdirən sənədə rast gəlmədik. Bu, bir daha Azərbaycanın bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətinə yenidən baxılması zərurətini gündəmə gətirir. Ölkəmizdə 20 ildən artıq bir müddət ərzində fəaliyyət göstərən beynəlxalq təşkilatlara bir daha çağırış edərək, onları Azərbaycanda öz gözləri ilə gördükləri həqiqətlərə, haqqa, ədalətə biganə qalmamağa və öz mandatları çərçivəsində baş verənlərə düzgün və vicdanla yanaşmağa səsləyirəm”.

yap.org.az

Digər xəbərlər