"Artıq bir aydan çoxdur ki, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı mübarizədə Ermənistan ordusu və onun tərəfdarları ilə üz-üzədir. Sentyabrın 27-dən etibarən Azərbaycanın 150-dən çox kənd və yaşayış məntəqəsinin azad edilməsi xalqımızda müharibənin çox tezliklə qələbə ilə başa çatacağına böyük ümid yaradıb". Bunu SİA-ya YAP Xəzər rayon təşkilatının sədri, YAP Siyasi Şurasının uzvu Namiq Əhmədov deyib.Onun sözlərinə görə, Azərbaycan xalqı qürurlu, cəsarətli, yenilməz xalq kimi özünü təsdiqləyib: "Heç bir təzyiq bizə təsir edə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Ali Baş Komandanın bildirdiyi kimi, biz düşməni torpaqlarımızdan sona qədər qovacağıq.Qarabağın Azərbaycana məxsus, onun ayrılmaz tərkib hissəsi olması heç kim üçün sirr deyil və bu yöndə ikinci bir fikir də ola bilməz. 1921-ci ilin iyul ayının-Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Ölkə Prezidentinin bildirdiyi kimi, bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana verib. Bu, bir daha onu təsdiqləyir ki, Dağlıq Qarabağ bizim torpağımızdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Lakin Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var.Cənab Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib.Azərbaycanın öz əzəli torpaqlarının azad edilməsi uğrunda apardığı haqq işində qəhrəman ordumuz böyük mətanətlə mübarizə aparır və düşmənə ağır zərbələr endirir. Uzun illər əvvəl pozulmuş ədaləti bərpa etmək naminə biz öz torpağımızda vuruşuruq. Artıq ermənilər başa düşməlidir ki, Azərbaycan torpaqlarından çıxıb getməyin vaxtı çatıb. Prezident İlham Əliyev qeyd edib ki, erməni xalqı gərək öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin, öz hökumətini məsuliyyətə cəlb etsin, övladlarını Azərbaycan torpaqlarına göndərməsin. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.Ermənistan indi də atəşkəs razılaşmasından öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir. Amma unutmamalıdırlar ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil. Oktyabr ayının 10-da birinci atəşkəs qüvvəyə mindi. Azərbaycan tərəfi həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün buna razılıq vermişdi. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu. İkinci atəşkəs oktyabrın 17–də elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan atəşkəsi pozdu. Oktyabrın 26-sı səhər saat 8-dən üçüncü atəşkəs elan olunub. Ancaq səhər saat 9-da artıq atəşkəs Ermənistan tərəfindən pozuldu. Münaqişə zonası olmayan Bərdənin Ermənistan tərəfindən kasetli raketlərlə atəşə tutulmasından, Gəncə şəhərinə ballistik raketlər atılmasından, nəticədə çoxsaylı mülki insanların həlak olması Moskvada və Vaşinqtonda razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır. Hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Döyüş meydanında diz çökən Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, yenə də silahlanmaq və yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir. Atəşkəsi istəyənlər Ermənistanı silahlandırmağı dayandırmalıdır. Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Azərbaycan məsələnin hərbi-siyasi yollarla həllinə hazırdır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.Dağlıq Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı olduqca tolerant xalqdır. Hərbi mərhələnin başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır.Bu gün Azərbaycan yeni bir reallıq yaradıb, hər kəs yeni reallıqla hesablaşmalıdır. Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik.Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki biz haqlıyıq və biz güclüyük. Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına işğal olunmuş torpaqlarımızı azad edirik. Biz düşməni torpaqlarımızdan sona qədər qovacağıq. Ali Baş Komandanımızın dediyi kimi “Biz zəfər çalacağıq, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
sia.az