Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri bir çox təziqlərə məruz qalsa da həmişə səbr, təmkin nümayiş etdirmiş, beynəlxalq normalara arxalanmış, ilk növbədə öz gücünü, qüdrətini artırmağa, dünya ölkələri arasında tanınmağa və özünə tərəfdaşlar toplamağa çalışmışdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri xüsusilə vurğulayıb ki, ölkəmizin rəhbəri Cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində iqtisadiyyatımız inkişaf etdirildi, dövlətimiz dünyada söz sahibi kimi şöhrətləndi, haqqımızı dəstəkləyənlərin sayı çoxaldı, silahlı qüvvələrimiz möhkəmləndirildi və təkmilləşdirildi, vətəndaş həmrəyliyi, birlik təmin edildi.“Məhz bundan sonra düşmənlə döyüşə girmək olardı və Prezidentimiz hadisələri zərgər dəqiqliyi ilə ölçüb-biçib, qiymətləndirəndən sonra təcavüzkarların təxribatına əks-hücum əmrini verdi. Belə bir halda yenə də təziqlərin gözlənilməsi təbii idi. Çünki ermənipərəst qüvvələr susa bilməzdilər. Onlar uzun müddət Azərbaycanın zəifliyindən istifadə edib yaramaz məqsədlərini həyata keçirmişdilər, təcavüzkarı müdafiə etmişdilər, azqınlaşdırmışdılar. 27 il terrorçu dövlət haqqında heç bir tədbir görülməmişdir. BMT-nin Təhlükəsizlik Şurası, ATƏT- in Minsk qrupu, bir çox beynəlxalq təşkilatlar təcavüzə göz yummuşdular, haqqı nahaqqa vermiş, bilavasitə işqalçı Ermənistanın tərəfini saxlamışlar.Müzəffər ordumuzun düşmənə ağır zərbələr endirdiyi günlərdə də bu özünü qabarıq şəkildə göstərmiş, həmsədrlərdən biri olan Fransanın Prezidenti Makron ermənipərəst mövqeyini ortaya qoymuş, hər vasitə ilə erməni terrorçularını müdafiə etmişdir. Fransa hakimiyyəti BMT Baş Asambleyası tərəfindən əlehimizə hazırlanan qətnamə ilə də Azərbaycana təsir etmək istəmiş, çirkin məqsədlərinə nail olmağa çalışmışdır. Ancaq Azərbaycan bu gün güclüdür, ordumuz qüdrətlidir, xalqımız yekdildir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev qətiyyətlə dünyaya bəyan edir və bildirir ki, “Heç bir təzyiq bizə təsir edə bilməz çünki biz tarixi ədaləti bərpa edirik, haqq uğrunda mübarizə aparırıq”.Təziqlər Ermənistana göstərilməlidir. Onlar Azərbaycan torpaqlarından çəkilib getməlidirlər. Belə olmadığı halda Azərbaycan heç bir təziqlərə baxmayacaq, öz torpaqlarını döyüş yolu ilə azad edəcək, düşmənin başını əzəcəkdir. Çünki başqa yol yoxdur. Biz haqq uğrunda mübarizədə qalib gələcəyik. Qarabağ Azərbaycandır!”, deyə Tahir Rzayev bildirib.
sia.az