"BMT Baş Assambleyasının “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qəbul etdiyi qətnamə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, eyni zamanda humanist xarici siyasətinin əyani təzahürü və növbəti parlaq qələbəsidir". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspertin sözlərinə görə, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınır ki, bu önəmli tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur: "Bu Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə cənab Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda ölkə başçımızın bir lider kimi beynəlxalq münasibətlər sistemində olan yüksək nüfuzundan xəbər verir".Ş.Həsənova vurğulayıb ki, dünyada insan sağlamlığına, onun təhlükəsizliyinə və rifahına ciddi hədə törədən Covid-19 pandemiyasının rast gəlinməmiş və bir çox təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir: "Bu gün bütün dünya pandemiyadan əziyyət çəkir. Belə bir çətin dövrdə beynəlxalq aləm birləşərək buna qarşı mübarizə aparır. Azərbaycan da beynəlxalq aləmin etibarlı tərəfdaşı kimi bu məsələdə də dünya dövlətləri ilə həmrəylik nümayiş etdirir. Ermənistan isə Covid-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə ilk günlərdən etibarən qarşı çıxaraq sonuna kimi bu təşəbbüsə süni əngəllər yaratmağa çalışmış və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd etmişdir. Belə əməlinə görə növbəti dəfə Ermənistan beynəlxalq ictimaiyyətin kəskin mövqeyi ilə üzləşmiş və onun bu cəhdi rədd edilmişdir".
sia.az