Bəhruz Quliyev: “Paşinyan təqribən 15 minə yaxın erməni hərbçisinin məhv edildiyini niyə gizlədir?” ÖZƏL-AÇIQLAMA

“Ermənistanın hərbi-siyasi rəhbərliyi indiyədək imzalanmış üç humanitar atəşkəsin heç bir qərarına əməl etməyib. Paşinyan hakimiyyəti cəbhədəki biabırçı məğlubiyyətin ölkədə sosial partlayış yaradacağından ehtiyatlanaraq erməni hərbçilərinin meyitlərini qəbul etmək istəmədi və buna görə də humanitar atəşkəsi pozmaq yolunu tutdu”. Bunu SİA-ya SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.Siyasi ekspertin sözlərinə görə, ermənilərə nə əsirləri, nə də meyitləri lazımdır: “Onlar bilirlər ki, Qızıl Xaç Komitəsi vasitəsilə çox sayda meyitin Ermənistana təhvil verilməsi oradakı əsgər ailələrini ayağa qaldıracaq və etirazlara səbəb olacaq. Bundan qorxan erməni hərbi-siyasi rəhbərliyi beynəlxalq qanunvericiliyin tələbinə məhəl qoymayaraq, humanitar atəşkəs rejimini pozdu. Ermənistan öz əsgərlərinin meyitlərini döyüş meydanından yığmaq istəmir. Çünki döyüş meydanında qalan erməni əsgər meyitlərinin sayı hədsiz dərəcədə çoxdur. O meyitlər Ermənistana gedəndə, ailələrinə təhvil veriləndə nə baş verəcək? Ermənistan hakimiyyətinin itgi ilə bağlı verdiyi yalan məlumatlar açılacaq və əsil həqiqətlər üzə çıxacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyi həlak olmuş əsgərlərin ailələrinin reaksiyasından qorxduğu üçün cəsədlərin mübadiləsinə razılıq vermədi. İndiki vəziyyətdə Paşinyanın meyitlərə sahib çıxmaması mümkünsüzdür və əsil reallığı isə erməni xalqı qəzəblə gözləyir”.B.Quliyev əlavə edib ki, Paşinyan hələ də təqribən 15 minə yaxın erməni hərbçisinin məhv edildiyi barədə məlumatı gizlədir: “Hətta bu məlumatları nəinki dünyanın aparıcı, nüfuzlu KİV-ləri, eləcə də dünyanın hərbi ekspertləri də etiraf edirlər. Yerevan dəfn etdiyi və şəxsiyyəti təsdiqlənmiş əsgərlərinin adlarını açıqlayır. Ancaq bunların sayının daha çox olduğu sirr deyil. Çünki döyüş meydanlarında və işğaldan azad edilən Azərbaycan torpaqlarında erməni hərbçilərinin xeyli sayda cəsədləri qalıb".Xatırladaq ki, artıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin son günlərdə yaydığı məlumatında bildirilib ki, Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib. Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb.Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.

sia.az