"Xalqımızın vahid amal naminə birləşməsi..." ÖZƏL-MÜNASİBƏT

"44 günlük Vətən müharibəsi dövründə biz bütün vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik nümayiş etdirməsinin şahidi olduq. Bütün dünya Azərbaycan dövlətinin, Azərbaycan xalqının və dünyada yaşayan azərbaycanlıların gücünü, əzəmətini bir daha gördü. Xalq olaraq Azərbaycan dövləti ilə böyük həmrəylik nümayiş etdirdik, ölkəmizdə yaşayan bütün xalqların, dinlərin nümayəndələri düşmənə qarşı mübarizədə ortaya iradə qoydular. Müharibənin başladığı ilk gündən etibarən siyasi əqidəsindən asılı olmayaraq hər kəsin göstərdiyi mövqe də bizi həm sevindirdi, həm də qürurlandırdı. Çünki xalqımızın vahid amal naminə birləşməsi, həqiqətən də, bizim güclü xalq olduğumuzun təsdiqi idi. Heç kəs şəxsi mənfəətlərinin arxasına düşmür, sadəcə, Ali Baş Komandanın və Ordumuzun qələbəsinə xidmət etmək üçün çalışırdı. Xalq, müxalifət, ordu çiyin-çiyinə döyüşürdü". Bunu SİA-ya millət vəkili Anar Məmmədov deyib.Deputatın sözlərinə görə, müharibənin başladığı ilk gün ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanat verməsi təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyi təcəssüm etdirirdi: "Bu, həm də ona görə vacib idi ki, müxalifətin mövqeyi cəmiyyətin bütövlüyünü ifadə edirdi. Bu dünyaya Azərbaycan xalqının vahid mövqedə olduğunun mesajı idi. Lakin əfsuslar olsun ki, siyasi ədavət saxlayan bəzi partiyaların dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurdu. Amma yenə də ölkədə milli birlik və ruh yüksəkliyi maksimum həddə idi. Ali Baş Komandan İlham Əliyev 45 günlük Vətən müharibəsinin sonunda noyabrın 10-da gecə saatlarında xalqımıza etdiyi qələbə müraciətində də öz siyasi rəqiblərini unutmadı və onların mövqeyini də yüksək qiymətləndirdi.Bu gün isə yenidən müxalifət düşərgəsində şəxsi maraqlar önə çıxmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyətini dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Əslində, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Müharibə dövrünün əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Ancaq, bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur. Görünür, yenə də kimlərsə "90-cı illər sindromu”ndan əziyyət çəkir. Bu isə sadəcə təəssüf doğurur".

sia.az