Əli Hüseynli: Qarabağın əvvəlki şan-şöhrəti tezliklə özünə qayıdacaq

Bu sözləri millət vəkili Əli Hüseynli Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına 16 noyabr tarixli səfərini şərh edərkən söyləmişdir.

“Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qarabağ Qələbəsini böyük qürur hissi ilə qeyd etməkdədir. İşğal altında olan torpaqlarımızın əsarətdən qurtulması böyük bir salnamədir. 27 illik işğalın acısını cəmi 44 gün ərzində çıxarmağa müvəffəq olmuş müzəffər Azərbaycan Ordusu bütövlükdə 300-dən çox yaşayış məntəqəsini azad edərək öz sahibinə qaytardı.
Şuşanın işğaldan azad edilməsi isə Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərən şanlı Qələbənin rəmzidir. Bu hadisə müasir hərb tarixinin parlaq bir səhifəsidir.
Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi düşmənə, nəhayət, bir dərs oldu. Paşinyan və onun terror komandasının məhv edilməsi ilə həm də Ermənistanın əvvəlki rəhbərliklərinin də Qarabağ xülyaları puç oldu. Bütün bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində və güc və həmrəylik rəmzi olan dəmir yumruq kimi öz lideri ətrafında birləşmiş xalqın qəhrəman övladlarının canı-qanı bahasına başa gəlmişdir.
Bu, haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsidir. Cənab İlham Əliyevin söylədiyi kimi, “Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir”.
Azərbaycanın Qələbəsi eyni zamanda güclü olduqlarını dünyaya göstərmək istəyən ermənilərin miflərinin sonu deməkdir.
Qələbə günündən cəmi bir neçə gün keçəndən sonra artıq Alxanlı kəndindən Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə başlanması azad edilmiş ərazidə böyük quruculuq işlərinin ilk layihəsi kimi çox əlamətdar hadisədir. Bu onu göstərir ki, Azərbaycan hökuməti tezliklə bu bölgələrin vacib infrastrukturunun qurulması və abad bir məkana çevrilməsi üçün ciddi addımlar atmaqda israrlıdır. Ona görə də Azərbaycan xalqı əmin olmalıdır ki, Qarabağın əvvəlki şan-şöhrəti tezliklə özünə qayıdacaq.
Multikulturalizm prinsiplərinə və tolerant inanclara sədaqəti vahid Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı və mütərəqqi dövlət kimi inkişaf etməsinə zəmanət verir. Ona görə də Azərbaycanda yeni salınacaq və bərpa olunacaq kənd və şəhərlərdə milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar mehribanlıq və sülh şəraitində azad və firavan yaşayış imkanları əldə edəcəklər.
Lakin təəssüf ki, bu gün hadisələri yaxından izləyən bəşəriyyət işğal etdikləri ərazilərdə hər şeyi dağıdan, talan edən və Azərbaycanın mədəni, tarixi, dini irsinı silməyə çalışan ermənilərin vandallığına şahidlik etməkdədir. Şübhəsiz, Ermənistan yürütdüyü məsuliyyətsiz və faşist məzmunlu siyasətin nəticəsi olan bütün bu hərəkətlərinə görə Azərbaycan xalqına və dövlətinə beynəlxalq hüquq çərçivəsində cavab verməli, maddi və mənəvi təzminat ödəməli olacaq”.

yap.org.az