Siyasət

  • 5 207

"YAP-ın gücü Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir" ÖZƏL-MÜNASİBƏT

image

"Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu". Bunu SİA-ya millət vəkili Anar Məmmədov deyib.Deputatın sözlərinə görə, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır: "Bilirik ki, dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanın nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Meydanın boş olduğunu görən erməni təcavüzkarları da işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi.Həmin vaxtlarda Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin - partiyanın yaranması zamanın tələbi idi. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının ulu öndər üçün nə qədər əziz, önəmli olduğunu 1992-ci ilin oktyabrında 91 nəfər Azərbaycan ziyalısının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında aydın görürük: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir".Dahi şəxsiyyət müraciətə tarixi cavabında, həmçinin, Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.Həqiqətən də yarandığı gündən bu günə kimi, müstəqil Azərbaycanın keçdiyi şanlı yolun böyük və əhəmiyyətli hissəsi, bilavasitə Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Əslində, Yeni Azərbaycan Partiyasının 28 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Çünki partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə və tərəqqisinə öz töhfələrini əsirgəməyib. Zamanın sınaqlarından uğurla çıxan demokratik və sivil cəmiyyətdə xüsusi fəaliyyəti ilə seçilən Yeni Azərbaycan Partiyası uzun və keşməkeşli yol qət edən və hazırda iqtidar partiyası kimi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz sözünü deyərək, Azərbaycanın inkişaf və tərəqqisində öz nəhəng töhfələrini verməkdə davam edir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir.Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox üzv birləşir. Bu, ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Yeni zirvələr fəth edən Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, 9 noyabr tarixində Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Bu gün hər bir azərbaycanlı əmindir ki, dövlət başçısının "Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək" strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradacaq. İnanırıq ki, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi sayəsində Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcəkdir".

sia.az

Digər xəbərlər