Siyasət

  • 13 437

Yeni Azərbaycan Partiyası - 28 İLLİK ZƏFƏR SİMVOLU

image

Hakim partiya dövlətin inkişaf mərhələsində əvəzsiz töhfələrini verməkdə davam edir

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümünü 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyulduğu, tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız – Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır! NİDA-sını qoyduğu tarixi günlər ərəfəsində qeyd edirik. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı.Və bu gün ən maraqlı məqam odur ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Və bu tarixin ardınca isə İkinci Qarabağ müharibəsinin şanlı qələbə tarixidir. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".Bəli, bu gün Ulu Öndəoimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranması ildönümünü tarixi bir anlarda - Qarabağımızın azad olunduğu, Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günündə qeyd edirik. Yeni Azərbaycan Partiyası, ildönümün mübarək! Qarabağ Azərbaycandır! Gözün aydın Azərbaycan!
Tarixi zərurətdən yaranan - YAP
Noyabrın 21-də yaranmasının 28-ci ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada YAP-ın növbəti ildönümü təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdardır. Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü ölkəmizin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur. Çünki Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Azərbaycanın son illərdə keçdiyi mürəkkəb və ziddiyyətli yola nəzər salarkən YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini tapır. Ümumiyyətlə, ötən illərin reallıqları Heydər Əliyevin yaratdığı partiyanın kifayət qədər mürəkkəb və çətin şəraitdə ictimai zərurətdən yarandığını, xalqın mənafeyi naminə qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq missiyasının öhdəsindən əzmlə gəldiyini göstərir.
YAP-a Heydər Əliyev kimi dünya şöhrətli LİDERİN Sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi
Təsadüfi deyildi ki, o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Kostitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Qeyd edək ki, müraciətlər "SƏS" qəzetində dərc olundu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də partiyanın təsis qurultayı keçirildi. AXC hakimiyyətinin ümummilli liderin Bakıya gəlməsinə ciddi maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın proqram və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.YAP-ın qısa müddətdə ölkənin siyasi sistemində aparıcı təşkilata çevriləcəyi, onun ətrafında toplaşmış intellektual potensialın xalqımızın ümummilli problemlərinin həllində mühüm faktorlardan biri olacağı aksiom idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. Çünki YAP-a Heydər Əliyev kimi dünya şöhrətli LİDERİN sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin böyük nüfuza və hörmətə malik yüksək intellekt sahibləri partiya sıralarında birləşmişdi. Üçüncüsü, Partiya Azərbaycanın bütün regionlarını təmsil edən ciddi sosial bazaya əsaslanırdı. Ən nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi.
Sabitlik və inkişafın ideoloji istinadgahları…
YAP bu gün cəmiyyətdə böyük nüfuza malikdir. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi xalqımızı tam qane edir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasına çevrilmişdir. Bütün bunların fonunda YAP-ın 28 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata çevrildiyi, onun malik olduğu potensialın respublikanın problemlərinin həllində mühüm faktorlardan biri kimi çıxış etdiyi təkzibolunmaz həqiqətdir. YAP-a İlham Əliyev kimi güclü siyasi Liderin rəhbərlik etməsi partiyanın nəinki daxildə, eləcə də respublikamızdan kənarda güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin edir və YAP-ın siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərir. Partiyanın qarşıya qoyduğu məqsədlər bütün dövrlərdə zamanla səsləşdiyindən, ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olur. Hakim partiya məhz ictimai maraqları mütəşəkkil şəkildə realizə etməklə ölkə vətəndaşlarının siyasi istinadgahına çevrilməyə nail olmuşdur. Ölkənin xüsusən də son illər əldə etdiyi böyük uğurlar YAP kimi nüfuzlu partiyanın hakimiyyət Olimpində qalması və daha da möhkəmlənməsi yolunda bütün siyasi baryerləri aradan qaldırır.YAP-ın 28 ildəki ən böyük uğurlarından biri partiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən ümummilli siyasət yürütməsidir. Ümumiyyətlə, YAP yarandığı gündən sosial ədalət prinsipinə də sadiqlik nümayiş etdirmişdir. Belə ki, cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.Bu özünü bütün seçkilərdə də göstərib. Partiya istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində daim öndə olub, tarixə qələbə və zəfərlər partiyası kimi dşüüb. Biz növbəti qələbə və zəfərlər yolunda Yeni Azərbaycan Partiyası ətrafında daha da sıx biləşərək, irəliyə doğru inamla addımlayırıq!.Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dediyi kimi: "Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq".Beləliklə, Yeni Azərbaycan Partiyası ötən 28 il ərzində böyük inkişaf yolu keçib və bir çox uğurlara imza atıb. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi: "Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var".Bir sözlə, bu gün Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi unudulmaz töhfələrlə, müstəqilliyimizlə, bu günümüzlə inkişafımızla, xoşbəxt həyatımızla fəxr edir və gələcəyimiz uğurunda düşünürük. Sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşı Vətənini, xalqını sevən hər bir kəs Yeni Azərbaycan Partiyasını, Ulu Öndər Heydər Əliyevə və böyük rəhbərin sədaqətli davamçısı Prezidentimiz İlham Əliyevlə qürur duymağa haqlıdır. Belə bir gündə uğurlarımızla sevinməyə, öyünməyə dəyər.

sia.az

Digər xəbərlər