Fransanın Minsk Qrupunun həmsədri vəzifəsinı icra etməsi məqsədəuyğun deyil - Sevil Mikayılova

"Son günlər Fransa hökümət və dövlət nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təktərəfli mövqe sərgiləməsi təəssüf doğurur. Məlum olduğu kimi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və həmsədr ölkə kimi öz mandatına uyğun olaraq ədalətli münasibət göstərməlidir. Fransanın təktərəfli qaydada Ermənistanın mövqeyində dayanaraq, bununla da separatçı quruma dəstək verməsi qəbulolunmazdır". SİA xəbər verir ki, bunu Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.Deputatın sözlərinə görə, bundan əvvəl Milli Məclisin sədri Sahibə xamım Qafarovanın sədrliyi ilə keçən plenar iclasda məsələ ilə bağlı geniş müzakirələr aparılıb: "Azərbaycan Parlamenti rəsmi Parisin tərəfkeş bəyanatlarına hiddətini ifadə edib. Ölkəmizə qarşı bu qərəzlı mövqeni anlamaq üçün sadəcə bir neçə faktı sadalamaq kifayətdir.

* Hərbi əməliyyatların aktiv fazası dövründə Fransa Parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək işğal olunmuş ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndələri ilə görüş keçirmiş və bu səfər Fransanın qondarma “Artsax”la həmrəyliyinin göstəricisi kimi qələmə verilmişdir.
* Fransa Senatında təmsil olunan 5 böyük siyasi fraksiyanın liderləri Senatda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürmüşdür.
* Eyni zamanda, məlum Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyanatının imzalanmasından sonra Fransa Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək, Azərbaycana, hücumu dayandırmaq barədə birtərəfli çağırış etmiş və Fransanın Ermənistanın yanında yer aldığını bəyan etmışdir.
• Bu azmış kimi, Paris Meriyası Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması ilə bağlı qətnamə qəbul etmişdir".S.Mikayılova vurğulayıb ki, Fransanın bu addımları və bəyanatları bu ölkənin beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı ilə müəyyən edilmiş öhdəlikləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsini təsbit edən ikitərəfli hüquqi çərçivə ilə ziddiyyət təşkil edir və beləliklə də qəbuledilməz və dözülməzdir: "30 il davam edən qanlı münaqişənin nəhayət birdəfəlik həllinə nail olunması və Cənubi Qafqazda təhlükəsizliyin əldə olunması üçün bütün səylərin birləşdirildiyi bir dönəmdə bu cür destrukrtiv və sülhə təhdid yaradan addımlar birmənalı qaydada pislənməlidir.
Bir daha qeyd etmək istəyirəm ki, bu addımlar və bəyanatlar Fransanın qərəzsizliyinə və neytrallığına ciddi şəkildə kölgə salır və Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki vasitəçilik roluna dair verdiyi razılığa bir daha baxmaq üçün əsas ola bilər.
Fransa tərəfindən ən yüksək siyasi səviyyədə açıq şəkildə anti-Azərbaycan mövqeyinin ifadə edildiyini nəzərə alaraq bildirmək istəyirəm ki, Fransanın bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsinı icra etməsi məqsədəuyğun deyil. Bu səbəbdən, Fransanın vasitəçilik mandatının ləğv olunması ilə bağlı hüquqi prosedurlarin aparılması zəruridir".

sia.az