Siyasət

  • 6 861

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 28 il ötür

image

Yaradılma tarixinə nəzər salsaq, görərik ki, YAP ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradıldı. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünü qeyd edirik. Yaradılma tarixinə nəzər salsaq, görərik ki, YAP ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradıldı. Hər hansı siyasi partiyanın yarandığı vaxtdan keçən, qısa müddət ərzində, hakimiyyətə gəlməsi tarixdə çox nadir hallarda rast olunsa da, YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin banisi oldu. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini və sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".

DÖVLƏTÇİLİYİN BƏRPASI VƏ QORUNUB-SAXLANMASI YÜKÜNÜ ÖHDƏSİNƏ GÖTÜRMƏYİ BACARAN FENOMENAL ŞƏXSİYYƏTƏ BÖYÜK EHTİYAC YARANMIŞDI
Məlumdur ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos və anarxiya hökm sürürdü. Həmin ağır dönəmlərdə ölkənin taleyinə biganə olmayan ziyalılar və sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün, Ondan kömək istəyirdilər. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyinin qorunub-saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunur. Xalq nicat yolunu, yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub-saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Ona görə də, 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyi ilə yaradılan bir siyasi aksiya idi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Çünki qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Qarşıda ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. Dahi Şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərində xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı, artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində, çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi Liderin düşünülmüş və müdrik siyasəti nəticəsində, qısa zamanda, Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da, Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına və xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi Ulu Öndərin uzağa hesablanmış fəaliyyətində əsas yer tuturdu.
"BİZİM ƏSAS DƏYƏRİMİZ, ƏN BÖYÜK NEMƏTİMİZ MÜSTƏQİLLİYİMİZDİR"
YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Müstəqiliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, cəmiyyətin daxilində qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Azərbaycan dövlətinin mövcudluğunu şübhə altına alan ictimai-siyasi situasiya xalqda gələcəyə böyük inamsızlıq yaratmışdı. Lakin sonrakı mərhələdə milli dövlətçilik düşüncəsinin formalaşmasına və ümumi maraqlara xidmət edən psixoloji atmosferin yaranmasına gətirib çıxaran hadisələr bu təhlükənin aradan qaldırılmasına stimul vermiş oldu.Sözsüz ki, partiyanın yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Bu gün artıq YAP-ın yaranma tarixindən 28 il ötür. Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü inkişaf etmiş, dünyada öz sözünü deyən, çəkisi olan bir dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz Onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. O ağır vəziyyətdə, məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - Onun dəmir iradəsi, xalqın Ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik".Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 17 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu həqiqətin əsasını, Cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtramdan irəli gəlir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq, Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.Bu gün xalqımız qələbə sevincini yaşayır. Bu sevinci də bizlərə yaşadan Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevdir. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edilib. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsidir ki, bu şanlı qələbə tariximizə həkk olundu.

sia.az

Digər xəbərlər