Siyasət

  • 6 204

Səttar Möhbalıyev: Hazırda bütün dünyanı cənginə almış COVID-19 pandemiyasının ikinci dalğası bəşəriyyəti təhdid etməkdədir

image

“Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsi xalqımızın möhtəşəm Qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz döyüş meydanında düşmənin başını əzdi və tarixi ədalət bərpa olundu. Lakin bu gün bizim daha bir düşmənlə mübarizəmiz hələ də davam edir və təəssüflər olsun ki, bu savaşın statistikası heç də ürəkaçan deyil”. Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Səttar Möhbalıyev bildiirb ki, hazırda bütün dünyanı cənginə almış COVID-19 pandemiyasının ikinci dalğası bəşəriyyəti təhdid etməkdədir. Onun sözlərinə görə, bu ilin əvvəlindən Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin son dərəcə səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmişdi: “Görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer almışdır. Lakin yoluxma sayında kəskin azalmanın müşahidə olunması ilə əlaqədar ölkədə tətbiq olunmuş sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması təəssüf ki, əksər vətəndaşlarımız tərəfindən pandemiyanın bitməsi kimi qəbul edildi. Bu isə öz növbəsində karantin rejiminin sosial məsafə saxlanılması, qoruyucu tibbi maskalardan istifadə və digər bu kimi vacib qaydalara etinasız yanaşma sərgilənməsinə gətirib çıxardı. Əlbəttə ki, bu etinasızlığın acı nəticələri də özünü çox gözlətmədi. Qısa müddət ərzində Azərbaycanda koronavirusa yoluxma hallarının günlük sayı min nəfəri keçdi. Bu gün isə bu statistik göstərici artıq 3000-dən yuxarı rəqəmlərlər ifadə edilir. Həmçinin koronavirusa yoluxan xəstələr arasında ölüm hallarının da göstəriciləri əvvəlki aylarla müqayisədə xeyli artmışdır. Əlbəttə ki, bu heç də çıxılmaz vəziyyət deyil. Unutmaq lazım deyil ki, biz beş ilə işğal olunmuş Vətən torpaqlarını cəmi 44 günə azad etmiş bir xalqıq. Necə ki, Vətən müharibəsində zəfər qazanmaq üçün bizim güclü ordumuz, polad iradəli Ali Baş Komandanımız və öz Komandanının arxasınca sona qədər getməyə hazır olan yenilməz xalqımız vardı, eynilə bu gün də koronavirusla mübarizədən qalib çıxmaq üçün bizim ən müasir avadanlıq və preparatlarla təchiz olunmuş səhiyyəmiz, fədakar həkimlərimiz, hər zaman öz xalqının qayğısına qalan Prezidentimiz və öz Prezidentinin ətrafında sıx birləşən millətimiz var”.
Millət vəkili qeyd edib ki, bu gün biz sadəcə karantin rejiminin tələblərinə əməl etməklə bu vəziyyəti yenidən öz xeyrimizə dəyişə bilərik: “Mən inanıram ki, biz bunu edəcəyik. Əks halda koronavirusun, bu gözəgörünməz düşmənin törədə biləcəyi fəsadlar bizim Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin sevincinə hələ çox acılar qata bilər. Halbuki, biz indi əvvəlkindən daha sağlam və daha güclü olmalıyıq. Çünki indi bizi azad edilmiş Vətən torpaqlarında nəhəng quruculuq işləri gözləyir. Biz erməni vəhşilərinin 30 il ərzində işğal altında qalan torpaqlarımızda törətdikləri vandalizmin və dağıntıların nəticələrini aradan qaldırmalıyıq. Biz rayon və şəhərlərimizə yenidən abad və möhtəşəm görkəmlərini qaytarmalıyıq. Bunun üçün isə, dediyim kimi, biz əvvəlkindən daha sağlam və daha güclü olmalıyıq. Bizim gücümüz isə yalnız birliyimizdə, həmrəyliyimizdədir!”.

yap.org.az

Digər xəbərlər