Rusiyanın "Dojd" telekanalı azad olunmuş Ağdam və Füzuli rayonları barədə süjet yayımlayıb

Rusiyanın “Dojd” telekanalında işğaldan azad olunmuş Azərbaycan torpaqlarında mülki şəxslərin minaya düşərək həlak olması, eləcə də həmin ərazilərdə infrastrukturun tamamilə məhv edilməsi barədə süjet yayımlanıb. Qeyd olunub ki, uzun illər işğal altında saxlanılmış kəndləri boşaldan zaman erməni hərbi birləşmələri orada minalar basdırıb ki, bu da öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının ölümünə səbəb olan faciəvi hadisələrlə nəticələnir.SİA xəbər verir ki, telekanalın aparıcısı Pavel Lobkov bir neçə gün əvvəl Füzulidə mülki şəxslərin olduğu “Toyota” markalı avtomobilin tankəleyhinə minaya düşməsi və dörd nəfərin həlak olmasına toxunub və bu ərazilərə dinc əhalinin qayıtmasının bir müddət təhlükəli ola biləcəyini vurğulayıb.Füzuli rayonundan canlı bağlantıyna qoşulan telekanalın əməkdaşı Vladimir Romenski isə erməni işğalı nəticəsində Azərbaycanın şəhər və rayonlarının xarabalıqlara çevrilməsindən danışıb. O, Ağdamı “ruhlar şəhəri” adlandıraraq, burada bir dənə də olsun salamat binanın qalmadığına diqqət çəkib.Ağdamdan bəhs edən süjetdə, həmçinin salamat qalmış yeganə binanın məscid olması və işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin bu məscidi ziyarət etməsi, Müqəddəs Məkkə şəhərindən gətirdiyi “Qurani-Kərim” kitabını bu məscidə bağışlamasına da toxunulub. Ağdam məscidinin yerli sakinlər üçün müqəddəs olmasından bəhs edilib, eləcə də yalnızca fasadı qalan Ağdam Dram Teatrının üzücü mənzərəsi təqdim olunub.Daha sonra Füzuli rayonunun xarabalıqları, ermənilər tərəfindən dağıdılmış qəbiristanlıq və məhv edilmiş infrastruktur göstərilib.

sia.az