Siyasət

  • 6 308

Emin Hacıyev: 44 gün davam edən müharibə tarixi ədalətin bərpa olunması ilə nəticələndi

image

“Noyabrın 20-də Ağdam, noyabrın 25 –də isə Kəlbəcər rayonu bir güllə belə atılmadan və şəhid vermədən işğaldan azad edildi. Laçın rayonunun işğalçılardan tam boşaldılması isə dekabrın 1-də baş tutdu. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan birgə bəyanata uyğun olaraq bu rayonlarımızın qrafik üzrə azad olunması bizim böyük siyasi uğurumuzdur. Bütün bunları şərtləndirən əsas amil bizim düşmən üzərində möhtəşəm Qələbə qazanaraq onu kapitulyasiyaya məcbur etməyimizdir”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Emin Hacıyev bildirib ki, hərbi zəfərimiz olmasaydı, bu siyasi qələbəmiz də mümkün olmazdı. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində bildirdiyi kimi, “Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”. Beləliklə, Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə Qələbə qazandı.
“Bu gün Azərbaycana böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, müdrik və uzaqgörən siyasəti, qətiyyəti sayəsində Azərbaycan Ermənistanın 30 il davam edən bütün bu işğalçılıq siyasətinə son qoyaraq, öz ərazi bütövlüyünü təmin etdi” - deyən E.Hacıyev qeyd edib ki, Kəlbəcərin işğaldan azad olunması, həmçinin BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasının təmin olunması deməkdir.
O, işğaldan sonra ərazidə qeyri-qanuni məskunlaşdırılan ermənilərin Kəlbəcəri təhlükəsiz şəkildə tərk etməsi, bütün əşyalarını götürməsi üçün lazımi şərait yaradıldığın bildirib. Hansı ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan tərəfindən işğal olunan zaman azərbaycanlılar öz yurd-yuvalarından ayaqyalın qovulmuş, zorakılıqlara məruz qalmış, onlar arasında həlak olan, yaralanan, itkin düşənlər olmuşdu. Budur Azərbaycan və Ermənistan arasındakı daha bir fərq. Məlumdur ki, ermənilər Kəlbəcəri tərk edərkən evləri, meşələri yandırıb, suları çirkləndirərək ekoloji terror törədiblər. Həmçinin düşmən illərdir tarixi-mədəni irsimizə qarşı vandallıq edib, məscidlərimizi dağıdıb, yerlə-yeksan edib. Maraqlıdır ki, bütün bunları, o cümlədən Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərindəki mənzərəni, erməni vandallığını görməzdən gələn bəzi Qərb dairələri işğaldan azad edilmiş ərazilərimizdəki qədim Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin taleyindən narahatlıq ifadə etməkdədir. Lakin onlar unudurlar ki, Azərbaycan multikulturalizm, tolerantlıq, dinlərarası münasibətlərlə bağlı yürütdüyü siyasətə görə bütün dünyaya nümunədir.

yap.org.az

Digər xəbərlər