Əhliman Əmiraslanov: Tarixi köklərimizdən gələn və iki dövlət liderinin möhkəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir

“Türkiyə Böyük Millət Məclisindəki Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Milliyyətçi Hərəkat və İYİ partiyalarının qrupları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərəzli qətnaməsini pisləyən ortaq bəyanat yayıblar. Siyasi partiyaların birgə imzası ilə yayılan bəyanatda Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd olaraq Dağlıq Qarabağla bağlı noyabrın 25-də qətnamə qəbul etməsi kəskin qınanılıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir”. Bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, Dağlıq Qarabağın Azərbaycan torpağı olması Fransa Prezidenti Emmanuel Makron tərəfindən qətnamənin qəbulundan bir neçə gün əvvəl bəyan edilib. Qondarma “Dağlıq Qarabağ respublikası” Ermənistanın özü tərəfindən tanınmadığı halda, Fransa Senatı həqiqətdən uzaq qərar qəbul edir.
O qeyd edib ki, Türkiyə və Azərbaycan əleyhinə bu cür addımlar atanların Türkiyə Böyük Millət Məclisi və Türk milləti adından qınandığı ifadə olunub: “Türkiyə bizim üçün nəinki hərbi, siyasi və iqtisadi cəhətlərdən ən yaxın strateji müttəfiqimiz, həm də dost və qardaş ölkədir. Bu bəyanatla Türkiyə Parlamenti hər dəfə olduğu kimi, həm ölkəmizin haqlı mövqeyinin, həm də beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi. Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupu adından qardaş ölkədəki həmkar dostlarıma dərin minnətdarlığımızı bildiririk. Tarixi köklərimizdən gələn və iki dövlət liderinin möhkəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir”.

yap.org.az