Anar Xəlilov: “Ermənilər Azərbaycan qanunlarına tabe olacaqlarsa, qalıb vətəndaş kimi yaşaya biləcəklər” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr bəyanatının müddəalarına əsasən, beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərimiz bərpa olundu. Ermənilərin bu təslimlilik sənədinə qol çəkməsi nəticəsində bütün işğal olunmuş ərazilər üzərində Azərbaycanın qanuni haqqı bərpa olundu”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, artıq erməni silahlı qüvvələri qeyd şərtsiz Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxaraq bu əraziləri Azərbaycan silahlı qüvvələrinə təhvil verdilər: “Növbəti mərhələdə isə yuxarı Qarabağın digər azərbaycanlı əhalisi yaşamış yaşayış məntəqələri də azad olunacaqdır. Rusiya sülhməramlı qüvvələri isə müəyyən müddət ərzində ermənilər yaşayan ərazilərimizdə Azərbaycan qanunları tam tətbiq olunana qədər öz missiyasını yerinə yetirəcəklər. Tam əminliklə demək olar ki, status və Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq danışıq mövzusu deyil. Ermənilər Azərbaycan qanunlarına tabe olacaqlarsa, qalıb vətəndaş kimi yaşaya biləcəklər, əks halda torpaqlarımızı tərk etməlidirlər”.A.Xəlilov onu da bildirdi ki, Rusiya sülhməramlı qüvvələr üçün göndərilən hərbi və humanitar yüklər Azərbaycan Rusiya sərhədi vasitəsilə təyinat məntəqələrinə çatdırılır: “Bu, bir daha imzalanan bəyanatın tələblərinin yerinə yetirilməsinin bariz nümunəsidir. Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bəyanata uyğun olaraq Qarabağ bölgəsinin ermənilər yaşayan ərazilərinin bir daha bizə məxsus olduğunu təsdiq edərək yükləri Azərbaycan ərazisi ilə daşıyır. Hesab edirəm ki, tezliklə ermənilər yaşayan yaşayış məntəqələrimizdə də Azərbaycan bayrağının dalğalanmasının şahidi olacağıq. Cənab Prezident qeyd etdiyi kimi, “Qarabağ Azərbaycandır!, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib”. Qalan məsələlər yalnız texniki xarakter daşıyır. Rusiya və digər ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bundan sonra da tanıyacaqdır”.

sia.az