“Əlbəttə ki, müasir Azərbaycan tarixinin çox əlamətdar bir gününə şahidlik edirik. Bu gün 27-28 il işğalda olan torpaqlarımızın nəhayət ki, azadlığa qovuşmasından sonra müstəqil Azərbaycan dövləti özünün ilk zəfər paradını keçirir və bu parad Azərbaycan tarixində elə bir mərhələdir ki, bundan sonra artıq dinc quruculuq dövrü başlayır. Azərbaycan dövləti dünya dövlətləri arasında özünün həqiqətən də inkişafı ilə daha çox diqqət çəkməyə başlayacaq və artıq azərbaycanlılar qürurlu bir millətin nümayəndələri olaraq dünyada tanınacaq, qəbul ediləcək.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, biz elə bir mərhələyə gəlib çatmışıq ki, bundan sonra artıq kimsənin qarşısında gözü kölgəli olan deyilik, kimsənin qarşısında başı aşağı gəzmərik, kimsənin qarşısında daxilən sıxılmarıq, özəlliklə də, ermənilərin qarşısında.“Bu gün həqiqətən də çox şərəfli bir tarixi günə şahidlik edirik və bunu bizə yaşadanlar var. Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev özünün qətiyyətli, uzaqgörən siyasəti ilə bu günü mümkün edib. Onun arxasında Azərbaycan Ordusunun, başda generallar olmaq şərti ilə hər bir fərdi bu qələbəni bizim üçün reallaşdırıb. Özəlliklə də qanlarını bu vətən üçün fəda etmiş 2783 nəfər şəhidimiz, eləcə də minlərlə qazimiz, müharibə iştirakçımız bu günü mümkün edib. Yəni biz bir xalq olaraq bütünləşə, birləşə bilmişik, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı nəhayət ki, düşmən tapdağından azad etmişik. Şəxsən mən, bir azərbaycanlı olaraq, qürurluyam, şərəf hissi duyuram, özümü çox xoşbəxt hiss edirəm”, deyə Azər Həsrət bildirib.
sia.az