"Cənab Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşdə səsləndirdiyi fikirlər post-münaqişə mərhələsi üçün olduqca mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Belə ki, bu ümumi dəyərləndirmə xarakterli bu fikirlər sadəcə 44 günlük müharibə ilə bağlı deyildi. Bir tərəfdən ölkə başçımız ATƏT MQ qrupunun illər ərzində fəaliyyətini, əslində fəaliyyətsizliyini dəyərləndirdisə, digər tərəfdən də regionda yeni yaranmış geosiyasi reallığı nəzərə alaraq bundan sonra qarşıda duran vəzifələr haqqında həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq mesajlar verdi. Ölkə başçımız haqlı olaraq bildirdi ki, ATƏT-in Minsk qrupu bu illər ərzində münaqişənin həllində heç bir rol oynamadı. Azərbaycan öz gücünə Ermənistan-Azərbaycan münaqişəsinə hərbi-siyasi vasitələrlə son qoydu və Dağlıq Qarabağ münaqişəsi ifadəsini tamamilə tarixdən sildi. Düşünürəm ki, cənab Prezidentin açıqca ATƏT MQ həmsədrlərinin səfərinin heç kimin dəvəti ilə deyil, onların öz təşəbbüsləri nəticəsində baş tutduğunu bildirməsi illər ərzində onların “fəaliyyətinə”, status-kvonu saxlamasına verilən çox tutarlı və yerində dəyərləndirmə idi". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloqun sözlərinə görə, ölkə Başçımız həmişə sözünü tutub, xalqına və beynəlxalq aləmə qarşı dürüst olduğu halda Ermənistan hər zaman həm öz xalqını, həm beynəlxalq ictimaiyyəti aldadıb: "Bunun nəticəsidir ki, hal-hazırda Ermənistanda qarışıqlıq yaranıb. Müharibəyə və onun nəticələrinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki məhz Paşinyan hakimiyyətinin təxribatçı bəyanatları danışıqlar prosesini məhv etdi və müharibənin başlanmasına səbəb oldu. Əslində, Paşinyan diktə ilə idarə olunan, hərbi cinayətkar Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi bir fiqurdur".Ekspert bildirib ki, bütün bunlarla yanaşı, hər kəs bilməlidir ki, Azərbaycanın erməni xalqı ilə işi yoxdur, bundan sonra da onlar təhlükəsizlik və ləyaqət şəraitində, güzəranları da daha yaxşı olaraq dövlətimizin idarəçiliyi altında yaşaya bilərlər: "Münaqişənin bitdiyini nəzərə alaraq artıq post-münaqişə dövrünə fokuslanmaq son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bundan sonra ATƏT MQ həmsədrləri də yeni fəaliyyət proqramı hazırlayaraq regionda yaranmış yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər. Buna görə də Fransa qərəzli mövqeyindən əl çəkməli və neytral tərəf olduğunu sübut etməlidir. Bununla yanaşı, hər hansı diskriminasiya və ya prosesin siyasi inhisara alınmaması baxımından Minsk qrupu prosesində iştirak edən Türkiyə də daxil olmaqla, 11 dövlətin hamısı bu prosesdə yaxından iştirak etməlidir".Ş.Həsənova vurğulayıb ki, Ermənistan törətdiyi hərbi cinayətlərə görə cavab verəcək, bundan sonra revanşa cəhd edərsə tamamilə darmadağın ediləcək: "Artıq sülhməramlılıq konsepsiyasının konturları formalaşıb, hər iki tərəf bunu məqbul hesab edib və 10 noyabr bəyanatında təsdiq olunub. Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu regional əməkdaşlığın müsbət təzahürü olmaqla yanaşı, həm də Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın göstəricisidir".
sia.az